Litva bələdiyyələrinin nümayəndələri Binəqədi rayonunda oldular
Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının dəvəti ilə Litva Respublikasının yerli özünüidarəetmə orqanlarını təmsil edən nümayəndə heyəti Azərbaycanda səfərdədir.
16-19 noyabr tarixlərində ölkəmizdə səfərdə olan Litva Respublikasının nümayəndə heyəti noyabrın 16-da Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdilər. Azərbaycan Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının sədrləri Hümbət Hüseynov və Əli Mehdiyevin iştirakı ilə litvalı qonaqlar Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoydular. Sonra onlar Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini andılar, məzarları üstünə güllər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.
Sonra nümayəndə heyəti Heydər Əliyev Mərkəzində oldu, onlara Mərkəz haqqında məlumat verildi. Bildirildi ki, dünya memarlığının nadir incilərindən sayılan və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəzdə rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Məlumat verildi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilən Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır.
Daha sonra Litva Respublikasının yerli özünüidarəetmə orqanlarını təmsil edən nümayəndə heyəti Binəqədi rayonunda oldu, qonaqlarla Biləcəri Bələdiyyəsində geniş görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə. Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, Xocasən Bələdiyyəsinin sədri Anar Abbasov, Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Əli Mehdiyev, Litva Respublikasından isə Litva Yerli Hakimiyyətlər Assosasiyasının prezidenti, Druskininkay Bələdiyyəsinin sədri Riçard Malinauskas, Trakay Bələdiyyəsinin sədri Edita Rudeline, Birştonas Bələdiyyəsinin sədri Niyole Dirginçene, Akmyane Diyar Bələdiyyəsinin sədri Vitaliyus Mitrofanovas, Pasvalys Diyar Bələdiyyəsinin sədri Gintautas Geguzinskas, Litva Yerli Hakimiyyətlər Assosiasiyasının direktoru Roma Jakaytene, Litva Yerli Hakimiyyətlər Assosiasiyasının məsləhətçisi İeva Andrevayte iştirak etdilər.
Görüşdə bələdiyyə sədrləri qonaqlara rayonda gedən abadlıq-quruculuq işləri çərçivəsində hər bir bələdiyyənin ərazisində görülən işlər, sakinlərin istirahətinin səmərəli təşkili üçün yaradılan şərait, “Açıq qapı” günləri barədə müfəssəl məlumat verdilər. Binəqədi rayon bələdiyyələrinin hər biri ilə ayrı-ayrılıqda Litva bələdiyyə nümayəndələri arasında qarşılıqlı fikir mübadiləsi aparıldı, təcrübələrin bölüşülməsi, həmçinin, qardaş bələdiyyə formatında əməkdaşlığın perspektivləri müzakirə olundu. Öz növbəsində Litva bələdiyyələrinin nümayəndələri yerli hakimiyyət olaraq, həyata keçirdikləri tədbirlərdən danışdılar, Binəqədi rayonu ilə tanışlıqdan məmnunluqlarını ifadə etdilər, Binəqədi bələdiyyələri ilə əlaqələrin möhkəmləndirilməsini vurğuladılar.
Görüşün sonunda Binəqədi rayonu bələdiyyələri adından litvalı qonaqlara xatirə hədiyyələri təqdim olundu.