Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyi qeyd edildi
20 noyabr 2015-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi rayon İcra Hakimiyyətinin böyük akt zalında Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyi qeyd edildi.
Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, 1 noyabr tarixində Milli Məclisə keçirilən seçkilərdə YAP tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş və qalib gəlmiş Kamaləddin Qafarov, Dövlət Sığorta Şirkətinin sədri Məmməd Məmmədov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutunun rektoru, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, YAP Binəqədi rayon Təşkilatının əməkdaşları, fəalları və digər qonaqlar iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları Binəqədi rayonu Heydər Əliyev adına parkda ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər.
Yeni Azərbaycan Partiyasının yaranmasına həsr olunmuş filmin nümayişindən sonra tədbiri geniş məruzə ilə YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov açaraq partiyanın yaranmasının 23-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. O tarixə qısa nəzər salaraq Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə 1992-ci ilin 21 noyabr tarixində yaradıldığını və bununla da ölkənin taleyində dönüş nöqtəsi olduğunu bildirdi. Natiq regionların inkişaf proqramının Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu, “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı” və Regionların inkişafı üzrə Dövlət Proqramlarının qəbul edilməsi nəticəsində istər Bakı şəhərinin, istər onun qəsəbələrinin, istərsə də regionlarımızın yüksək dərəcədə dəyişdiyini vurğuladı. Yeni sosial, sənaye, tikinti və sair obyektlərin yarandığını, əhalinin rifahının yaxşılaşdığını, 1 milyon 400 min yeni iş yerinin yaradıldığını, işsizliyin səviyyəsinin 4,9%-ə, yoxsulluğun səviyyəsinin 5%-ə düşdüyünü xüsusilə qeyd etdi.
Ramiz Göyüşov 1 noyabr 2015-ci il tarixində keçirilmiş parlament seçkilərinin ilkin nəticələri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının əldə etdiyi qələbədən də söz açdı. Qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının ötən bütün seçkilərdə olduğu kimi, bu il Milli Məclisə keçirilən seçkilərdə də qalib gəlməsi dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin xalq tərəfindən dəstəkləndiyinin bariz nümunəsdir. Partiyanın rayon təşkilatının sədri Binəqədi rayonunda seçkilərin demokratik, ədalətli və şəffaf keçirildiyini söyləyərək, bu seçkilərdə Yeni Azərbaycan Partiyasının inamlı qələbə qazandığını bildirdi. Çıxışının sonunda bütün qalibləri təbrik edərək, onlara uğurlar arzu etdi.
Sonra çıxış edənlər - 1 noyabr 2015-ci il tarixində keçirilmiş parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədləri olmuş Aysel Əlizadə və Samirə Həsənova, YAP Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və qalib gəlmiş Kəmaləddin Qafarov Yeni Azərbaycan Partiyasının ümummilli partiya olduğunu, Azərbaycanın həyatında mühüm rol oynadığını qeyd etdilər. Onlar partiyanın gənclərin həyatında, onların inkişafındakı rolundan, gənclərə göstərilən diqqət və qayğıdan danışdılar.
Daha sonra çıxış edən YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolundan danışaraq partiyanın müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətəndaşlıq, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutduğunu, partiyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında hərtərəfli inkişaf etdiyini, özünün beynəlxalq nüfuzunun artırdığını, dövlətçiliyimizin möhkəmlənməsi naminə fəaliyyətini genişləndirdiyini bildirdi. Mübariz Qurbanlı 1 noyabr 2015-ci il tarixində keçirilmiş parlament seçkilərində 125 deputat yerinə Yeni Azərbaycan Partiyası tərəfindən 116 namizədin irəli sürüldüyünü, ilkin nəticələrə görə onlardan 71-nin qalib olduğunu vurğuladı və qalib gəlmiş Yeni Azərbaycan Partiyasının namizədlərini təbrik etdi.
Tədbirin sonunda çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov 21 noyabr 1992-ci il tarixinin Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış möhtəşəm bir gün olduğunu bildirərək Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan danışdı. Ümummilli liderin xalqının yolunda bütün çətinliklərdən keçdiyini, 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaratdığını, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə əsl vətən, dövlət sevgisi göstərdiyini qeyd etdi. Xaləddin İsgəndərov 1993-cü ildə Heydər Əliyevin Azərbaycanı xilas etməsinin Azərbaycan tarixində mühüm tarixi hadisə olduğunu bildirdi. O ulu öndərin hər zaman öz xalqının yanında olduğunu, bu gün onun ideyalarının yaşadığını vurğuladı. Rayon İcra Hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu inkişaf strategiyasının hazırda cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyini qeyd etdi və Prezident İlham Əliyevin Azərbaycanın inkişafı üçün çalışdığını, bunun hamıya nümunə olduğunu bildirdi.
Daha sonra tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəallarına fəxri fərmanlar və hədiyyələr təqdim edildi. Tədbir Yeni Azərbaycan Partiyasına həsr olunmuş ifa ilə yekunlaşdı.