Binəqədi rayonunda ağacəkmə və yaşıllaşdırma aksiyası keçirildi
Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində Binəqədi rayonunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirildi.
Noyabrın 24-də “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində “Birgə Yaradaq” layihəsinin təşəbbüsü ilə ağacəkmə aksiyası Binəqədi rayonunun Xocasən qəsəbəsinin Sulutəpə yaşayış massivi ərazisində təşkil edildi. Aksiya Bakı-Şamaxı magistralının qəsəbə ərazisindən keçən hissəsində, yol kənarında salınan parkda aparıldı.
Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının və Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları, Xocəsən, Binəqədi, Biləcəri və 28 May qəsəbə bələdiyyələrinin üzvləri, eləcə də YAP Binəqədi rayon təşkilatının üzvləri olan fəal gənclərin iştirakı ilə reallaşdırılan aksiya zamanı 500-ə yaxın yerli iqlimə uyğun ağaclar-əsasən zeytun, sərv, Eldar şamı, çinar, sarı söyüd, çin qızılgülü, palıd, fıstıq, göyrüş və meyvə ağacları əkildi. Ərazidə biomüxtəlifliyinin artırılması və floranın zənginləşdirilməsi üçün yerli iqlimə uyğun ağac növləri ilə yanaşı xarici ölkələrdən gətirilən həmişəyaşıl ağaclar və dekorativ gül kolları da əkilərək yaşıllıq zolaqları salındı. Yeni əkilən tinglərin suvarılaması ilə yanaşı, parkın ərazisindəki mövcud ağacların dibi yumşaldıldı və onlara aqrotexniki qaydada qulluq göstərildi.
İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən Ümumrespublika Yaşılladırma Marafonu təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox mühüm əhəmiyyətə malikdir. Bu layihə eyni zamanda yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir. Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, həm də paytaxt Bakı şəhərində, ümumilkdə Abşeron yarımadasında ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq.
Binəqədi rayonunda ətraf mühitin mühafizəsinə və yaşıllıqların arıtırlmasına töhfə verən bu cür ağacəkmə kampaniyalarının davamlı olaraq keçirilməsi planlaşdırılır.