Binəqədi rayon məktəblərində “Yeni Azərbaycan Partiyası və Heydər Əliyev Məfkurəsi” mövzusunda keçirilən tədbirlər silsiləsi yekunlaşdı
27 noyabr tarixində 115 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin 2015-ci il üçün təsdiq edilmiş iş planının 41-ci bəndinə uyğun olaraq “Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” istiqamətində Binəqədi rayon məktəblərində “Yeni Azərbaycan Partiyası və Heydər Əliyev Məfkurəsi” mövzusunda keçirilən tədbirin yekun mühazirə mərhələsi keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, mühazirəçi, Azərbaycan Jurnalistlər Birliyi, Yazıçılar Birliyi, YAP-nın üzvi, “Xan qızı Natəvan”, “ Qızıl qələm” və Rəsul Rza adına Beynəlxalq mükafatların sahibi, yazıçı Zöhrə Əsgərova, 115 saylı məktəbin direktoru Məsud Babayev, 144, 157, 246 və 267 saylı tam orta məktəblərin şagirdləri iştirak etdilər.
İlk öncə tədbiri açıq elan edən 115 saylı məktəbin direktoru Məsud Babayev qonaqları salamlayaraq belə əhəmiyyətli tədbirlərin məktəblərdə keçirilməsinin əhəmiyyətini vurğuladı.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva dünya tarixində şəxsiyyətlərin gücünün, ağıl, cəsarət, siyasi iradə və müdrikliyinin mənsub olduqları xalqların, yaratdıqları dövlətlərin həyatında əvəzedilməz rola malik olduqlarını vurğuladı. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. İllər keçəcək, müstəqil Azərbaycanın hakimiyyət olimpinə çox siyasi xadimlər gələcək, amma ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsinə qalxmaq, onun ucaldığı zirvəyə çatmaq kimsəyə nəsib olmayacaqdır.
A.Əliyeva qeyd etdi ki, Rayon İcra Hakimiyyətinin tədbirlər planı əsasında təşkil edilən bu tədbirlər davamlı olacaqdır.
Sonra mövzu ətrafında söz əsas mühazirəçi Zöhrə Əsgərovaya verildi. Z.Əsgərova “Yeni Azərbaycan Partiyası və Heydər Əliyev Məfkurəsi” mövzusunda şagirdlərlə interaktiv mühazirə apardı.
Mühazirədən sonra şagirdlərin mövzu ilə bağlı sualları cavablandırıldı.
Tədbirin sonunda Binəqədi Rayon İcra Hakimiyyəti adından mühazirəçi Zöhrə Əsgərovaya hədiyyə təqdim edildi.
Ümumilikdə rayonun 32 orta ümumtəhsil müəssisələrini əhatə edən tədbir çərçivəsində 8 görüş keçirildi. Keçirilən tədbirlərdə 1250 nəfər şagird iştirak etdi. Diskussiya formasında keçirilən tədbirlərdə şagirdlərin bilikləri yoxlanıldı və onların sualları cavablandırıldı.