Binəqədi Rayon İcra Hakimiyyəti başçısının rayon ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüşü keçirildi
30 noyabr 2015-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun rayon ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüşü keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin sədri Almaz Hacıyeva və rayon ərazisində yerləşən məktəblərin direktorları iştirak etdilər.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq dünyada, regionda və ölkədə gedən ictimai-siyasi proseslərdən danışdı. Bütün bu proseslərin fonunda ölkəmizdəki sabitliyin davam etdiyini vurğulayan natiq bu sabitliyin təməlində uğurlu siyasətin dayandığını bildirdi. Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Natiq qeyd etdi ki, bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır.
Daha sonra son illər təhsil sahəsində əldə edilmiş nailiyyətlərdən danışan Xaləddin İsgəndərov Prezident İlham Əliyevin təhsil – millətin gələcəyi olan gənc nəslin ilkin təlim və tərbiyə aldığı məktəblərə göstərdiyi bu böyük diqqət və qayğının təsadüfü olmadığını qeyd etdi. Son günlərdə ölkəmizdə baş verən hadisələrə münasibət bildirən natiq qeyd etdi ki, müasir dövrdə geniş yayılmış radikal düşüncələrin, zərərli vərdişlərin yayılmasının qarşısı erkən mərhələdən – məktəb dövründən alınmalıdır. Gənclər vətənpərvərlik, vətənə, millətə və dövlətə sevgi və sədaqət ruhunda tərbiyə almalıdırlar. Rayon İcra başçısı bunun üçün hər birimizin ayıq-sayıq olmalı, gələcəyimiz olan uşaqları neqativ hallardan qorumaq, zərəli düşüncə tərzi və vərdişlərdən yayındırmaq üçün onlara xüsusi diqqət və qayğıyla yanaşmalı, müstəqilliyimizi qorumaq, ölkədə sabitliyi təmin etmək, dövlətçiliyimizi daha da inkişaf etdirmək, ölkədə hərc-mərclik yaratmaq istəyən qüvvələrə qarşı mübarizəni davam etdirmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən bütün işlərdə daim dövlətimizə dəstək olmalı və dayanmadan çalışmalı olduğumuzu vurğuladı.
Daha sonra çıxış edən 276 saylı tam orta məktəbin direktoru Bəhram Şiriyev və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin sədri Almaz Hacıyeva Rayon İcra Başçısı Xaləddin İsgəndərovun çıxışında qeyd etdiyi məsələlərə münasibətlərini bildirərək, ictimai-siyasi sabitliyin hökm sürdüyü və tolerantlıq, multikulturalizmin həyat tərzinə çevrildiyi ölkəmizdə bu mühitin pozulmasına yönəlmiş istənilən təxribat halına qarşı mübarizədə həm gənclərin, həm də onların təlim-tərbiyəsi ilə məşğul olan təhsil işçilərinin dövlətə dəstək olacağından əmin olduqlarını vurğuladılar.