Şriftin ölçüsü :

Saytın rəngi :

“I can or I must” layihəsinin təqdimatı keçirildi

28 noyabr 2015 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Gənclər Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 2-ci kurs tələbəsi Pakizə Paşayevanın “I can or I must” (Mən bacara bilərəm və ya mən etməliyəm) adlı layihəsinin açılış mərasiminə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, layihə iştirakçıları və BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 2-ci kurs tələbələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Pakizə Paşayeva müəllifi olduğu layihə haqqında məlumat verərək layihənin məqsədini açıqladı. O, gənclərin hərtərəfli inkişafının təmin olunması üçün Azərbaycanda siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasından söz açdı. Təhsil aldığı Bakı Ali Neft Məktəbində gənclərin təşəbbüslərinin dəstəkləndiyi vurğulayaraq layihənin reallaşmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov təqdim olunan layihə haqqında və onun təşkili barədə danışdı. Ramiz Göyüşov Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən Pakizə Paşayevanın layihəsinə verilən dəstəkdən söz açaraq, onun Binəqədi rayonu 244 saylı orta məktəbi bitirdiyini dedi. P.Paşayevanın Binəqədi rayonunun yetirməsi olduğunu deyən R.Göyüşöv BANM-də onun uğurlarını davam etdirəcəyinə əminliyini ifadə etdi. O, vurğuladı ki, YAP gənclərin bu cür layihələrinin həyata keçirilməsində daim dəstək olur və bu tipli layihələr ugurla həyata keçirilir. O, bu layihənin BANM-lə birgə uğur olduğunu dedi və bu əməkdaşlığın davam etdirilməsinə əminliyini ifadə etdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında  Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə hər zaman gənclərin inkişafına xüsusi diqqət verdiyini bildirdi. O, həmin dövrdə Ümummilli lider Heydər Əliyevin azərbaycanlı gənclərin ölkə hüdudlarından kənarda təhsil alması üçün imkan yaratmasından və dəstəyindən danışdı. Aygün Əliyeva hazırda ölkəmizdə gənclər üçün yaradılan şəraitdən söz açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə böyük dəstək göstərdiyini vurğuladı. O, bildirdi ki, bu gün Azərbaycan dövləti bu istiqamətdə işləri davam etdirir, gənclər siyasəti uğurla həyata keçirilir. Bİnəqədi rayonunda gənclər siyasətinin uğurla həyata keçirilməsinə dəstək verilərək onlara geniş imkanlar yaradılır.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə çıxışlarında Ümummilli lider Heydər Əliyevin gənclərə verdiyi dəyər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılan gənclər siyasəti, gənclərin siyasətdə rolu haqqında söz açdılar və layihədən gözləntilərini bildirdilər.
“I can or I must” (Mən bacara bilərəm və ya mən etməliyəm) adlı layihənin reallaşdırılmasında əsas məqsəd geniş təhsil imkanlarının yarana bilməsi, həmçinin, karyerada sürətli inkişaf baxımından kifayət qədər böyük önəm kəsb edən ingilis dilini ümumi gedişatda seçilmiş layihə iştirakçılarına daha effektli üsullarla və intensiv şəkildə öyrətməkdir.
Layihənin ilkin mərhələdə 3 ay davam etdirilməsi nəzərdə tutulub.

Keçidlər