Şriftin ölçüsü :

Saytın rəngi :

“Radikalizmin qarşısının alınmasında milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirildi

02 dekabr 2015 | 11:00

2 dekabr tarixində Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə “Radikalizmin qarşısının alınmasında milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, İctimai Şuranın üzvləri, Binəqədi rayonunda fəaliyyət göstərən ictimai birliklərin sədrləri və rayon gəncləri iştirak etdilər.
İctimai Şuranın sədri Aslan Mehdiyev dövlət başçısı tərəfindən gənclərin perspektiv şəkildə inkişafı üçün münbit şəraitin yaradıldığını bildirdi. Hazırda Azərbaycanın dünyanın multikulturalizm mərkəzinə,  tolerantlığın isə ölkədə həyat tərzinə çevrildiyini vurğulayan natiq bu şəraitdən düzgün istifadə etməyib müxtəlif zərərli düşüncə və vərdişlərin arxasınca gedən gənclərimizin maarifləndirilib düzgün həyat tərzinə yönəldilməli olduğunu qeyd etdi. O bildirdi ki, ölkədə bu gün mövcud ictimai-siyasi şəraitdə gənclərin təlim-tərbiyə prosesinə diqqət ayırmaq, şəxsi təcrübələr əsasında onlara düzgün yol göstərib tövsiyə vermək hər bir ağsaqqalın, ictimai birlik sədrinin, vətəndaş cəmiyyətinin nümayəndəsinin vətəndaşlıq borcudur. 
İctimai Şuranın üzvü, din xadimi Musa İbrahimov bildirdi ki, Azərbaycanda müsəlman və qeyri-müsəlman əhalinin bir bayraq altında yaşaması həm dövlət siyasəti, həm də İslamın gətirdiyi gözəllikdir. Son illər İslam dininin terror dini kimi gözdən salınmasının yanlış olduğunu qeyd edən natiq əslində İslamın terroru aradan qaldıran, sülh və mərhəmət dini olduğunu vurğuladı. Bəşəriyyətin ən böyük düşməninin cəhalət olduğunu bildirən Musa İbrahimov dövlət müstəqilliyimizə qarşı olan xarici qüvvələrin bəzi gənclərin dini savadsızlığından istifadə edib onları dini radikalizmə yönəltməsini qınadı. Bunun qarşısının alınması üçün din xadimlərinin də üzərinə vəzifə düşdüyünü qeyd edən natiq İslamın əsl mahiyyətini, onun radikalizmlə əlaqəsi olmadığını gənclərə çatdırmağın əhəmiyyətini vurğuladı. 
Hər kəsin vətəndaş mövqeyini ortaya qoymasının vacibliyini önə çəkən Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü Nəbi Muxtarov insanlara düzgün yol göstərmək, yaxşı vərdişlər aşılanması üçün ictimai və din xadimlərinin təkcə tövsiyələrlə kifayətlənməyib öz əməlləri ilə müsbət  nümunələr göstərməli olduğunu qeyd etdi.
Binəqədi RİH başçısının müavini Aygün Əliyeva tədbir iştirakçılarına ictimai fəallıqlarına görə öz təşəkkürünü bildirərək gənclərin maarifləndirilməsində onların iştirakına hər zaman ehtiyac olduğunu qeyd etdi. 
Aygün Əliyeva da İslama qarşı aparılan qara PR-dan təəssüfləndiyini bildirdi. Bu gün ölkəmizdə tolerantlığın ancaq sözdə olmadığını, əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin və millətlərin nümayəndələrinin əmin-amanlıq və dostluq şəraitində birgə yanaşı yaşadığını bildirən natiq gənclər arasında bu milli-mənəvi dəyərlərin təbliğ olunmasının vacibliyini qeyd etdi.
Tədbirdə çıxış edən digər iştirakçılar gənclər arasında milli-mənəvi dəyərlərin təbliğatının aparılması yollarından danışdılar. Qeyd olundu ki, bu mövzuda tədbirlər tez-tez keçirilməli və cəmiyyətdə ictimai-siyasi hadisələrə biganəlik tam aradan qaldırılmalıdır.

Keçidlər