Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 2015-ci il ərzində görülmüş işlərə həsr edilmiş yığıncaq keçirildi
2 dekabr 2015-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 2015-ci il ərzində görülmüş işlərə həsr edilmiş yığıncaq keçirildi.
Yığıncağı Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Binəqədi Rayon İcra Hakimiyyətinin cari il ərzində rayonun sosial-iqtisadi inkişafı sahəsində həyata keçirdiyi tədbirlər və abadlıq-quruculuq, eləcə də humanitar sahədə aparılmış işlər barədə danışdı.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı son illər dünyada siyasi və iqtisadi planda baş verən neqativ proseslərin fonunda Azərbaycanda hökm sürən iqtisadi və siyasi sabitliyin qonşu ölkələr üçün nümunə olduğunu vurğuladı və Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin dinamik inkişafının daha da sürətləndiyini qeyd etdi.
Son günlərdə ölkəmizdə baş verən hadisələrə münasibət bildirən natiq əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin və millətlərin nümayəndələrinin əmin-amanlıq və dostluq şəraitində birgə yanaşı yaşadığını qeyd etdi və bu səbəbdən ictimai-siyasi sabitliyin hökm sürdüyü və tolerantlıq və multikulturalizmin həyat tərzinə çevrildiyi ölkəmizdə bu mühitin pozulmasına yönəlmiş istənilən təxribat halına qarşı mübarizədə Azərbaycan xalqının daim dövlətə dəstək olduğunu vurğuladı. Rayon İcra Hakimiyyətinin başçısı müasir dövrdə geniş yayılmış radikal düşüncələrin, terrorçuluq və bəşəriyyət əleyhinə olan digər cinayətlərin qarşısının alınması məqsədilə vətəni sevən hər bir kəsin ayıq-sayıq olmalı, müstəqilliyimizi qorumaq, ölkədə sabitliyi təmin etmək, dövlətçiliyimizi daha da inkişaf etdirmək, ölkədə hərc-mərclik yaratmaq istəyən qüvvələrə qarşı mübarizəni davam etdirmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən bütün işlərdə daim dövləti dəstəkləməli və dayanmadan çalışmalı olduğunu bildirdi. Natiq eyni zamanda qeyd etdi ki, insanlara düzgün yol göstərmək, yaxşı vərdişlər aşılamaq üçün dövlət qulluqçuları və ictimai xadimlər təkcə tövsiyələrlə kifayətlənməyib öz əməlləri ilə müsbət nümunələr göstərməlidir.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri müvafiq şöbələr tərəfindən cari il ərzində görülmüş işlər barədə məlumat verdilər.
Yığıncağın sonunda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələr və görüləcək işlərlə bağlı müvafiq şöbələrə tapşırıq və tövsiyələrini verdi.