“Hamımızın bir ideologiyası var – Azərbaycanın müstəqilliyi və əbədiliyi” mövzusunda Konfrans keçirildi
5 dekabr 2015-ci il tarixində Binəqədi rayonunda “Hamımızın bir ideologiyası var – Azərbaycanın müstəqilliyi və əbədiliyi” mövzusunda Konfrans keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən Konfransda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Vasim Məmmədəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayonun tədris müəssisələrinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Konfransı giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Konfransın mövzusu ətrafında çıxış etdi. Konfransın mövzusunun Ümummilli lider Heydər Əliyevin dəyərli fikri ilə adlandırılmasının təsadüfi olmadığını qeyd edən natiq son günlərdə ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrin məhz Azərbaycanın müstəqilliyini, dinamik inkişafını gözü götürməyən qüvvələrin məkrli oyunlarının nəticəsi olduğunu bildirdi. Xalqımızın bu oyunların iştirakçısına çevrilməməsi üçün, müstəqilliyimizi qorumaq, ölkədə sabitlik və əmin-amanlıq şəraitini davam etdirmək, dövlətçiliyimizi daha da inkişaf etdirmək, ölkədə hərc-mərclik yaratmaq istəyən qüvvələrə qarşı mübarizəni davam etdirmək üçün gənclər vətənpərvərlik, vətənə, millətə və dövlətə sevgi və sədaqət ruhunda tərbiyə almalı, məmurların, ictimai və din xadimlərinin, ümumilikdə vətənini sevən, onun taleyinə biganə olmayan hər bir vətəndaşın ayıq-sayıq olmalı, təkcə tövsiyələrlə kifayətlənməyib öz əməlləri ilə müsbət nümunələr göstərməli, ən önəmlisi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən bütün işlərdə daim dövlətə dəstək olmalı və dayanmadan çalışmalı olduğunu vurğuladı.
Daha sonra çıxış edən akademik Vasim Məmmədəliyev bu cür aktual mövzulara həsr edilmiş tədbirlərin əhəmiyyətinə toxunaraq, fikir mübadiləsi nəticəsində insanların yanlış və radikal düşüncələrdən yayınmasına, Ulu öndərin təməllərini müəyyən etdiyi Azərbaycançılıq ideologiyası ətrafında birləşməsinə nail olmağın mümkünlüyünü qeyd etdi. Azərbaycanın tarixən dindarların yaşadığı ölkə olduğunu, hətta Sovet imperiyası dövründə ateizmin təbliğ edildiyi zamanlarda belə azərbaycanlıların öz dinlərindən imtina etmədiyini, ibadətlərini davam etdirdiklərini qeyd edən natiq bununla belə ölkəmizdə dini fanatizmin və radikalizmin heç bir zaman mövcud olmadığını vurğuladı. O, xalqımızın tarixən dini ilahi təlim kimi qəbul etdiyini və dindən heç bir zaman siyasi məqsədlərlə istifadə etmədiyini bildirdi. Bu gün də dünyanın bəzi yerlərində yayılmış məzhəblərarası ziddiyyətlərin ölkəmizdə özünə yer edə bilməməsini, xalqın dini bütövlüyünə təsir qabiliyyətinin olmamasını vurğulayan akademik Vasim Məmmədəliyev son hadisələrin sadəcə bəzi insanların dini savadsızlığının və Azərbaycana qarşı müəyyən planları olan qüvvələrin təsirinə düşməsinin nəticəsində baş verdiyini qeyd etdi. Əhali, xüsusilə gənclər arasında dini savadsızlığın aradan qaldırılması, gənclərin radikal yönümlü təriqət və məzhəblərə istiqamətlənməsinin qarşısının alınması məqsədilə dini təhsilin dövlətin nəzarətində olmasının, xaricdə dini təhsil alan həmvətənlərimizin məzhəbçilik deyil məhz İslam dini üzrə ilahiyyat təhsili almasına diqqət yetirilməsinin əhəmiyyətini önə sürən natiq dini zəmində nifaq yaratmaq istəyən qüvvələrlə mübarizədə də məhz İslam dini sahəsində təhsil almış, eyni zamanda Azərbaycançılıq ideologiyasını mənimsəmiş savadlı kadrlardan istifadə edilməli olduğunu vurğuladı. Azərbaycançılıq ideologiyasının dini inkar etmədiyini, əksinə tolerantlığı təbliğ etdiyini qeyd edən Vasim Məmmədəliyev ideologiyanın məqsədinin dinimizi sağlam zəmində inkişaf etdirmək – yəni sabitliyimizi qorumaqla mənəviyyatımızı inkişaf etdirmək olduğunu bildirdi.
Ölkədə mövcud dini durumla bağlı açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycanda hiss ediləcək tempdə inkişaf edən dindarlaşma prosesinin mövcud olduğunu bildirdi. Bu prosesin heç də mənfi xarakter daşımadığını, Sovet dövrünün ateizm mühitindən sonra qalmış mənəvi boşluqların doldurulmasında mühüm və müsbət rol oynadığını qeyd edən natiq digər tərəfdən prosesin meydana çıxardığı yan təsirlərə də diqqət çəkdi. Belə ki, bəzi qrupların dini kimliyi milli kimliyə qarşı qoymasını, bəzilərinin dövlət idarəetməsinin dünyəviliyinə qarşı çıxmasını, digərlərinin isə gəncləri təhsildən yayındırmasını, xurafat elementlərini yaymasını nümunə göstərən Gündüz İsmayılov əslində bu insanların özlərinin bilərəkdən və ya bilməyərəkdən dini təhrif etdiyini, İslam dinini deyil, məzhəbçiliyi təbliğ etdiyini, qəsdən ölkədə məzhəblərarası, eyni zamanda dindar əhali ilə qeyri-dindar əhali arasında qarşıdurma yaradan çağırışlarla çıxış etdiklərini qeyd etdi. Natiq bu dini seperatizm fəaliyyətlərinin qarşısının alınması üçün milli-mənəvi dəyərlərin təbliğinin mühüm rol oynadığını qeyd etdi.
Daha sonra tədbir Konfrans iştirakçılarının mövzu ətrafında suallarının cavablandırılması ilə davam etdi.
Tədbirdə yekun nitq söyləyən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan dövlətinin, Azərbaycançılıq ideologiyasının məqsədinin bütün dinlərin və məzhəblərin birgə yanaşı və sülh və qardaşlıq şəraitində yaşadığı cəmiyyət olduğunu bildirdi, bunun üçün yetişməkdə olan gənc nəslə tarixi multikultiralizm və tolerantlıq xüsusiyyətlərimizin, dövlətçilik tariximizin, Azərbaycançılıq ideologiyamızın tədris olunması və aşılanmasının əhəmiyyətini vurğuladı.