YAP Binəqədi rayon təşkilatının fəalları Beynəlxalq Əlillər Günü münasibətilə əlilləri ziyarət etdilər
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Gənclər Birliyinin fəalları və könüllüləri 3 dekabr – Beynəlxalq Əlillər Günü və 5 dekabr – Beynəlxalq Könüllülər Günü ilə əlaqədar rayon ərazisində yaşayan bəzi əlillərə baş çəkdilər.
Görüşdə YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə əlilləri salamlayaraq bildirdi ki, hər il 3 dekabr tarixi bütün dünyada, eləcə də ölkəmizdə Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. O, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən əlilliyi olan şəxslərə göstərilən dövlə qayğısından danışaraq, bu istiqamətdə bir sıra proqramların həyata keçirildiyini söylədi. Bu gün YAP Binəqədi rayon təşkilatının gənc fəallarının da əlillərə baş çəkməsində məqsədin məhz onların qayğıları, problemləri ilə maraqlanmaqdan ibarət olduğunu vurğuladı. O, həmçinin əlilliyi olan şəxslərin cəmiyyətimizin aktiv sosial təbəqəsi olduğunu və bir sıra mühüm tədbirlərdə, layihələrdə, müsabiqələrdə öz bilik və bacarıqlarını, istedadlarını nümayiş etdirdiklərini qeyd etdi. Onların öz potensiallarını nümayiş etdirmələri üçün dövlətimiz tərəfindən hər cür şəraitin yaradıldığını diqqətə çatdırdı. Mahmud Məmmədzadə onların həyata baxışlarında daim nikbin əhval-ruhiyyədə olmalarını, mübarizliyini, cəsarətini dövlətimizin göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirdi. Təşkilatın Gənclər Birliyinin sədri və digər gənc fəallar əlillərə tez bir zamanda sağalmağı arzu etdilər.
Əlillər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevə, Binəqədi Rayon İcra Hakimiyyətinə, YAP Binəqədi rayon təşkilatının rəhbərliyinə və kollektivinə, gənc fəallara öz təşəkkürlərini bildirdilər. Bu görüşdən məmnun olduqlarını və ziyarətin onlarda əsl stimul yaratdığını söylədilər.
YAP Binəqədi rayon təşkilatının təşəbbüsü ilə baş tutan görüş zamanı əlillərə hədiyyələr təqdim olundu.