Binəqədi qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə görüşü keçirildi
2015-ci il dekabrın 11-də Binəqədi qəsəbəsi, Mərkəzi Mədəniyyət evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun Binəqədi qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Sonra cari ilin 11 ayı ərzində Binəqədi qəsəbəsindən daxil olan müraciətlər barədə Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov və Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov məlumat verdilər. Qəsəbə əhalisi tərəfindən daxil olan müraciətlərin çox hissəsinin su və kanalizasiya məsələləri ilə əlaqədar olması səbəbindən Binəqədi Rayon Sukanal İdarəsinin rəisi Mehman Babayev çıxış edərək mövcud vəziyyət və gələcəkdə görüləcək işlər barədə məlumat verdi.
Daha sonra qəsəbə sakinləri çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verdi.