Biləcəri qəsəbəsi “Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar şəhidlərinin xatirəsi anıldı
Yanvarın 19-da Biləcəri qəsəbəsi “Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov və Aygün Əliyeva, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon sakinləri olan 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Biləcəri qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış “Güllə Yağışı” abidəsinin önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Aparıcı 20 Yanvar faciəsi barədə məlumat verərək, Azərbaycan xalqının istiqlal mübarizəsi tarixində 20 Yanvar şəhidlərinin öz qanları ilə yazdıqları şərəfli səhifədən danışdı.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək hadisəni Azərbaycan xalqının tarixinə yazılmış şanlı səhifə kimi səciyyələndirdi, SSRİ rəhbərliyinin dinc, əliyalın insanlara qarşı qırğın törətməsini zorakılıq üzərində qurulmuş bir imperiyanın Azərbaycan xalqının əzmkarlığı və iradəsi qarşısında mənəvi cəhətdən gücsüz olduğunu vurğuladı.
Sonra “20 Yanvar” cəmiyyəti Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev və 20 Yanvar şəhidi Rəşid İsmayılovun həyat yoldaşı Elmira İsmayılova çıxış etdilər.
Daha sonra tədbirdə “İrəvan” Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının ifasında 20 Yanvar faciəsi ilə bağlı kompazisiya nümayiş etdirildi.
Anım mərasimi tədbir iştirakçıları və rayon ictimaiyyətinin “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyması və şəhidlərin ruhuna öz ehtiramlarını bildirmələri ilə yekunlaşdı.