Şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçıları Heydər məscidi ilə tanış oldular
Fevralın 12-də Bakının Binəqədi rayonununda ölkənin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçıları Heydər məscidi ilə tanış oldular.
Qonaqlara məscid barədə məlumat verildi. Bildirildi ki, tikintisinə 2012-ci ilin sentyabr ayında başlanılan Heydər məscidi 2014-cü il dekabrın 26-da istifadəyə verilib. Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunan məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.
Diqqətə çatdırılıb ki, ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.