Antiterror əməliyyatı zamanı Şəhidlik zirvəsinə ucalmış şəhidlərimiz - İsayev İsmayıl Çərkəz oğlu, Xəlili Məhəmməd İlqar oğlu və Mahmudov Seymur Elsevər oğlunun 40 mərasimləri keçirildi
24 saatlıq lokal xarakterli antiterror əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağdakı separatçı rejimə və oradakı qeyri-qanuni erməni silahlı qüvvələrə qarşı apardığı 24 saatlıq lokal xarakterli antiterror əməliyyatı növbəti dəfə Azərbaycan dövlətinin möhtəşəm Zəfəri ilə nəticələndi. 1 günlük lokal xarakterli antiterror əməliyyatı Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrin təslim olmasına kifayət etdi.
29.10.2023-cü il tarixində antiterror əməliyyatı zamanı ən uca Zirvə - Şəhidlik zirvəsinə ucalmış şəhidlərimiz- İsayev İsmayıl Çərkəz oğlu, Xəlili Məhəmməd İlqar oğlu və Mahmudov Seymur Elsevər oğlunun 40 mərasimləri keçirildi.
Mərasimdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Azay Quliyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Nicat Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak etdilər.
Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu.
Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!