Antiterror şəhidi İsayev İsmayıl Çərkəz oğlunun doğum günündə qəbirüstü abidəsi ziyarət edildi
24 aprel 2024-cü il tarixində Antiterror şəhidi İsayev İsmayıl Çərkəz oğlunun doğum günündə qəbirüstü abidəsi ziyarət edildi.
Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəhman Qəhrəmanov, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliyin və bələdiyyənin məsul əməkdaşları iştirak etdilər.
Azərbaycan Silahlı Qüvvələrinin zabiti, şəhid leytenant İsayev İsmayıl Çərkəz oğlu 24 aprel 2000-ci ildə Masallı rayonunun Sığdaş kəndində anadan olub. Uşaqlıq illəri bu kənddə keçib. Sonradan ailəsi ilə birgə Bakı şəhərinə köçüblər.
İsmayıl 2017-ci ildə 100 nömrəli Binəqədi rayonu tam orta məktəbini, 2021-ci ildə Bakı İslam Universitetinin ilahiyyatçı fakültəsini bitirib.
O, 11 yaşından idmanla məşğul olmağa başlayıb. 60-75 kiloqram çəki dərəcəsində müxtəlif idman növləri üzrə respublika və beynəlxalq yarışlarda bir sıra uğurlara imza atıb. 2012-ci ildən 2020-ci ilədək ayrı-ayrı vaxtlarda uşu-sanda, kikboksinq, may-tay, budo, grapplinq idman növləri üzrə respublika, Bakı şəhər birinciliklərinin, beynəlxalq turnirlərin mükafatçısı olub.
İ.İsayev alpaqut Turan döyüş sənəti üzrə 1-ci dünya çempionatının (24-25.10.2018, Bakı) və budo döyüş növü üzrə dünya kuboku turnirinin (21-24.02.2020, Bakı) qızıl medalına layiq görülüb.
2020-ci ildə budo üzrə beynəlxalq dərəcəli idman ustası adını alıb.
Müxtəlif vaxtlarda Bakı şəhərindəki ayrı-ayrı idman klublarında məşqçi-müəllim kimi çalışıb. İsmayıl xidmət etdiyi dövrdə də hərbçilər arasında keçirilən idman yarışlarında uğurla çıxış edib.
2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzdində Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin atıcılıq kursunu müvəffəqiyyətlə bitirib.
2021-ci il iyulun 6-da ordu sıralarına yollanan İsmayıl 9 ay “N” saylı hərbi hisssədə çavuş kimi xidmət etdikdən sonra Azərbaycan Ordusunun Təlim-Tədris Mərkəzində (25 aprel-05 iyul 2022-ci il) motoatıcı bölmə, hissə və birləşmələrin döyüş tətbiqi hərbi uçot ixtisası kursunu uğurla başa vurararaq, leytenant hərbi rütbəsinə sahiblənib. Goranboydakı müxtəlif hərbi hissələrdə şərəfli xidmət yolu keçib. Üç ay post komandiri, sonradan isə Xüsusi Təyinatlı Qüvvələrin Komando mənsubu olan İsmayıl kəşfiyyat komandiri kimi xidmət edib.
Zabit İsmayıl İsayev Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2023-cü il 19 sentyabr tarixində Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Sentyabrın 20-də, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanımız İsmayıl İsayev Bakı şəhərindəki İkinci Şəhidlər xiyabanında dəfn edilib.
Respublika Prezidenti İlham Əliyevin 07 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifəsini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə şəhid leytenant İsayev İsmayıl Çərkəz oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilib.
Binəqədi rayonundakı Zəngəzur şosesi kimi tanınan küçə indi şəhid İsmayıl İsayevin adını daşıyır.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!