Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən təltif edilən şəhidlərimizin ordenləri ailə üzvlərinə təqdim olundu

30 dekabr 2022 | 18:05

Binəqədi rayonunda şəhid ailələrinə ordenlər təqdim olunub

30 dekabr 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və  Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin   “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” 5 noyabr 2022-ci il tarixli 3573 saylı Sərəncamının icrası ilə əlaqədar ordenlə təltif edilmiş Vətən müharibəsi şəhidlərinin müvafiq orden və vəsiqələrinin ailə üzvlərinə təqdim edilməsi ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev şəhid ailələrini salamlayaraq bildirdi ki, igid oğullarımız torpaqlarımızın azadlığı uğrunda cəsarətlə vuruşdular. Cəsur zabit və əsgərlərimiz Azərbaycan tarixinin şanlı qəhrəmanlıq salnaməsini yazdılar. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin və rəşadətli ordumuzun sayəsində 30 il ərzində işğal altında olan torpaqlarımız düşməndən azad oldu. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan bu Tarixi Qələbə Azərbaycanın gücünü, potensialını bütün dünyaya sübut etdi.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd etdi ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Vətənə layiqli oğullar yetişdirdikləri üçün şəhid ailələrinə öz minnətdarlığını bildirərək vurğuladı ki, biz ordumuzla, əsgərlərimizlə, şəhidlərimizlə, qazilərimizlə, arxa cəbhədə bir yumruq kimi Azərbaycan adını göylərə qaldıran vətəndaşlarımızla fəxr edirik.

Şəhidlərimizin valideynləri övladları, igid el oğulları ilə fəxr etdiklərini, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.  

Sonda  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən təltif edilən şəhidlərimizin ordenləri ailə üzvlərinə təqdim olundu. 

Keçidlər