Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirildi

20 aprel 2023 | 10:26

19 aprel 2023-cü il tarixində Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirildi.

Konfransda Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkili Azay Quliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri və gənc müəllimlər iştirak etdilər.

Konfrans Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu.

Tədbiri giriş sözü ilə açan 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev qonaqları salamlayaraq “Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirlərdən söhbət açaraq qeyd etdi ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunədir və unudulmaz tarixdir.

Konfransda iştirak edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, millət vəkili Azay Quliyev çıxışında Azərbaycan dövlətinin banisi, qurucusu, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu və siyasi fəaliyyəti barədə ətraflı məlumat verərək, dahi liderin keçdiyi şərəfli və mənalı həyat yolundan söhbət açdı. Azay Quliyev nitqində bildirdi ki, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı vaxtda xalqımızın ümummilli lideri Heydər Əliyevə üz tutması təsadüf deyildi. Xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin yürütdüyü müdrik, uzaqgörən siyasət nəticəsində üzləşdiyimiz təhlükələrin qarşısı alındı, bütün çətinliklər dəf edildi, xalqımız sözün həqiqi mənasında parçalanmaq və məhv olmaq təhlükəsindən, anarxiya və xaosdan qurtuldu. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanılması və inkişafı üçün taleyüklü problemləri həll etdi. Atəşkəsə nail olundu, ordu quruculuğu işlərinə başlanıldı. Dünya dövlətlərinin ölkəmizdə gedən müsbət proseslərə marağı artdı. Uğurlu islahatların bünövrəsi qoyuldu. Ölkəmiz məhz Ulu Öndərin möhtəşəm səyləri nəticəsində sürətli inkişaf mərhələsinə çatdı.

Konfransda növbəti çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd etdi ki, müstəqil Azərbaycan dövləti memarı və qurucusu dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin xalqımıza ən böyük töhfəsidir. Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanı qoruyub yaşatmaq hər bir ölkə vətəndaşının borcudur. Müstəqil və azad xalq kimi yaşamağımız isə ən böyük qürurverici amildir. Heydər Əliyevin dövlətçilik ideyaları, yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparır. Bu isə bir daha təsdiqləyir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Bu gün çox sevindirici haldır ki, Ümummilli Liderimizin ideyaları yaşayır, onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycan günbəgün tərəqqi edir, dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilir. Müstəqillik, həqiqətən də, xalqımızın böyük tarixi nailiyyətidir. Bizim isə əsas vəzifəmiz bu müstəqilliyi qoruyub saxlamaq və onu daha da möhkəmləndirməkdir.

Sonda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qeyd etdi ki, Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyinin ən gərgin və mürəkkəb illərində baş verə biləcək təhlükələrin genişlənməsinə imkan vermədi, möhkəm iradəsi və qəti qərarları ilə Azərbaycan xalqını bəlalardan, dövlətimizi parçalanmaq, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Azərbaycan dövləti ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Dahi şəxsiyyət, ümummili liderimiz Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən siyasətçi kimi dəfələrlə söylədiyi “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” kəlamı dünyanın müxtəlif guşələrində yaşayan hər bir azərbaycanlının böyük iftixar və vüqarla səsləndirdiyi şüardır.

Tədbirin sonunda konfrans iştirakçıları ilə xatirə şəkilləri çəkildi.

Keçidlər