Bakı şəhəri Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbində Milli Musiqi Gününə həsr olunmuş “Musiqinin ilk addımları” adlı konsert proqramı keçirildi
18 sentyabr 2026-cı il tarixində Bakı şəhəri Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbində Milli Musiqi Gününə həsr olunmuş “Musiqinin ilk addımları” adlı konsert proqramı keçirildi.
Tədbirdə Azərbaycan musiqi mədəniyyətinin zəngin irsinin, milli musiqimizin və peşəkar bəstəkarlıq məktəbinin gənc nəslə çatdırılması, şagirdlərin musiqi sənətinə marağının artırılması, onların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi və istedadlı şagirdlərin ifaçılıq imkanlarının nümayiş etdirilməsi məqsədilə geniş konsert proqramı təqdim edildi.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbir iştirakçıları əvvəlcə Milli Musiqi Günü və Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan görkəmli bəstəkarların yaradıcılığı barədə məlumatlandırıldılar. Qeyd edildi ki, Azərbaycan professional musiqisinin formalaşmasında və inkişafında dahi bəstəkar Üzeyir Hacıbəylinin, eləcə də digər görkəmli sənətkarların müstəsna xidmətləri olmuşdur.
Daha sonra məktəbin istedadlı şagirdlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirildi. Konsert proqramında müxtəlif musiqi alətlərində ifalar, xalq mahnıları və milli rəqslər təqdim edildi. Şagirdlərin hazırladıqları musiqi nömrələri tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Tədbirin sonunda məktəbin Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Lətifəxanım Əliyeva çıxış edərək konsert proqramının hazırlanmasında əməyi olan müəllimlərə və şagirdlərə təşəkkürünü bildirdi və onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzuladı.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətini başçısının Biləcəri qəsəbə sahə inzibati dairəsi üzrə nümayəndəliyinin məsul əməkdaşı Cəmalləddin Hacıyev çıxış edərək Milli Musiqi Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. O, Azərbaycan musiqisinin milli-mədəni irsimizin mühüm tərkib hissəsi olduğunu qeyd edərək, belə tədbirlərin gənc nəslin milli musiqimizə və incəsənətimizə bağlılığının gücləndirilməsində əhəmiyyətli rol oynadığını vurğuladı. Həmçinin konsert proqramında iştirak edən müəllim və şagirdlərə təşəkkürünü bildirdi və onlara yaradıcılıq uğurları arzuladı.
Sonda xatirə fotosu çəkildi.









