Bakı şəhərində küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, Binəqədi rayonu ərazisində qabaqlayıcı tədbirlər həyata keçirildi
Bakı şəhərində küləkli və yağıntılı hava şəraitinin proqnozlaşdırılması ilə əlaqədar olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən RİH başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin məsul şəxsləri, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələr və xidmət təşkilatları ilə birlikdə qabaqlayıcı tədbirlər həyata keçirildi.
Belə ki, rayonun qışa hazırlıq planına uyğun olaraq, “Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun küçə, prospekt, qəsəbələrarası və məhəllədaxili yollarının qardan təmizlənməsinə cəlb olunacaq texnikalar barədə” və “Binəqədi rayonu üzrə mərkəzi küçə, prospekt və məhəllədaxili yollarda səkilərin qardan təmizlənməsi işinin təşkili ilə bağlı” ərazi üzrə təhkimçilik cədvəlləri müəyyən edilmiş, hava şəraiti ilə əlaqədar olaraq, gözlənilən fəsadların qarşısının alınması məqsədi ilə hazırlıq işləri görüldü.
13 yanvar 2024-cü il tarixindən başlayaraq yağış və daha sonra qar yağıntıları, həmçinin, şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, əraziyə xüsusi texnikalar cəlb edilməklə, küçə və prospektlərin, yol kənarlarının və küçə boyu səkilərin, təhsil və səhiyyə müəssisələrinin qarşısının, çoxmənzilli yaşayış binalarının həyətlərinin, giriş hissələrinin, eyni zamanda, yaşayış massivlərində yerləşən parkların, yaşıllıq sahələrinin qardan təmizlənməsi, yollara qum və duz səpilməsi işləri həyata keçirildi və bu istiqamətdə işlər davam etdirilir.
Eyni zamanda, güclü külək əsməsi nəticəsində qurumuş ağacların budaqları təmizləndi, aşmış ağaclar ərazidən götürüldü.
Rayonun bütün mikrorayonları və qəsəbələri əhatə edən operativ şəkildə təmizləmə işləri nəticəsində nəqliyyat vasitələrinin və piyadaların intensiv gediş-gəlişi təmin edildi, müxtəlif ərazilərə təhkim olunmuş məsul şəxslər tərəfindən ərazilər üzrə nəzarətin həyata keçirilməsi davam etdirilir.
Binəqədi Rayon İcra Hakimiyyətinin, RİH başçısının sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, rayon bələdiyyərinin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və Rayon Yaşıllaşdırma Sahəsinin məsul əməkdaşlarının birgə səyi nəticəsində tədbirlər effektiv şəkildə davam etdirilir.