Bakı Turizm Peşə Məktəbində "Konstitusiya Dövlətimizin Milli Sərvətidir" adlı tədbir keçirildi
22 may 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı Turizm Peşə Məktəbinin birgə təşkilatçılığı ilə "Konstitusiya Dövlətimizin Milli Sərvətidir" adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşı Leyla Quliyeva, Bakı Turizm Peşə Məktəbinin direktor müavinləri-Sədaət Höcətova və Tehran Musayev, 276 № li tam orta məktəbin əməkdar müəllimi Elxan Quliyev, Əliağa Şıxlinski adına 135 № li tam orta məktəbin tarix müəllimi Kəmalə Abbasova, peşə məktəbinin pedoqoji heyəti və tələbələr iştirak etdilər.
Tədbir torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.
Bakı Turizm Peşə Məktəbinin direktor müavini Sədaət Höcətova qonaqları salamlayaraq tədbirin mövzusu barədə məlumat verdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq, əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını qeyd edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü münasibətilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
Daha sonra geniş məruzə çıxışları edən Elxan Quliyev və Kəmalə Abbasova Konstitusiyanın formalaşma prosesi, onun hüquqi və tarixi aspektləri barədə geniş məlumat verdilər. Məruzəçilər Azərbaycan dövlətçiliyinin hüquqi bazasının gücləndirilməsinin önəmini vurğulayaraq, Konstitusiyanın vətəndaşların hüquqlarını qorumaq üçün təməl sənəd olduğunu iştirakçılara izah etdilər. Konstitusiyanın milli suverenliyin qorunmasında və vətəndaş hüquqlarının təmin edilməsində əhəmiyyətini xüsusi qeyd edərək, gənclərin hüquqi biliklərinin artırılmasının vacibliyini bildirdilər.