Şriftin ölçüsü :

Saytın rəngi :

“Beynəlxalq Ana Dili Günü” münasibətilə “Azərbaycan dilim, doğma dilim” mövzusunda tədbir keçirildi

23 fevral 2024 | 13:00

21 fevral 2024-cü il tarixində “Beynəlxalq Ana Dili Günü” münasibətilə Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə “Azərbaycan dilim, doğma dilim” mövzusunda tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, 115 nömrəli tam orta məktəbin direktoru Natavan Əsədova, məktəbin pedoqoji kollektivi və şagirdlər iştirak etdilər.

Tədbir Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canına fəda edərək şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Natavan Əsədova qonaqları salamlayaraq  Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizə dövlət tərəfindən göstərilən qayğıdan danışdı.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən danışaraq hər bir xalqın Ana dilinin onun milli sərvəti, xalqın milli kimliyinin göstəricisi olduğunu, tarix boyu xalqların, millətlərin  keçdiyi yolun, onların mədəni səviyyəsinin ilk  növbədə  Ana dilində öz əksini tapdığını, dilimizin qorunması və ən dəyərli xəzinə kimi gələcək nəsillərə miras olaraq ötürülməsini hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin normalarına riayət etməyin vacibliyini, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində atdığı çox mühüm addımlardan və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalanmasından söhbət açdı.

Daha sonra çıxış edən Ana dili və ədəbiyyatı müəllimi İradə Sədyarova qeyd etdi ki, dəyərli və zəngin sərvətlərimizdən biri olan ana dilimizin qoruyucusu və daşıyıcısı bütün xalqdır. Buna görə də ana dilinin saflığını qorumaq, onun keşiyində durmaq, ədəbi dilin norma və qanunlarına əməl etmək hər bir kəsin vəzifə borcudur.

Ana dilimiz  milli sərvətimizdir, çağırışını səsləndirən şagirdlər doğma dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Keçidlər