Şriftin ölçüsü :

Saytın rəngi :

"Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində Binəqədi Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Vətən Sizi Unutmayacaq!” adlı tədbir keçirildi.

24 may 2022 | 15:48
24 may 2022-ci il tarixində "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində Binəqədi Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Vətən Sizi Unutmayacaq!” adlı tədbir keçirildi. Tədbirdə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov, Binəqədi Rayon İcra başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov və rayon ərazisində yaşayan şəhid ailələrinin üzvləri iştirak edirdilər.
 
Tədbir dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən və Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu.
 
Giriş nitqi ilə şəhid ailələrini və qonaqları salamlayan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında vurğuladı ki, “Hər bir xalq, hər bir dövlət üçün onun dövlətçilik ənənələrinin davamlı olması, müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması tarixin istənilən dövründə ən önəmli məsələlərdən biri olmuşdur. Azərbaycan xalqı da dünyada öz tarixini, dövlətçilik ənənələrini, milli şüur və qəhrəmanlığını hər zaman qoruyan, tarixin bütün dövrlərində dövlətini, xalqını qorumaq üçün neçə-neçə qəhrəmanlar yetişdirən xalqlardan biridir. Dövlətin və xalqın çətin günlərində arxalandığı, köməyinə yetişəcəyindən əmin olduğu qəhrəmanlar vardır. 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş əməliyyatlarının aparılmasının çətin olduğu Qarabağ kimi bir ərazinin düşməndən azad olunması Azərbaycan əsgərinin şücaətinin və fədakarlığının göstəricisidir. Təəsüf ki, döyüşdə əldə olunan uğurlar şəhidsiz və ağrı-acısız olmur. Məhz Vətən müharibəsi şəhidlərinin, qazilərinin, əsgərlərimizin sonsuz qəhrəmanlıqları sayəsində Azərbaycan bayrağı Qarabağda, Şuşada dalğalanır. Bizə tarixi qələbəni bəxş edən şəhidlərimizin əziz xatirəsi hər zaman əziz tutulacaq və əbədiyyən qəlblərdə yaşayacaqdır”
 
Növbəti çıxış edən Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov qəhrəman oğullarımızın göstərdikləri şücaətdən söhbət açaraq, Qarabağın azadlığı və ərazi bütövlüyümüzün bərpası uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə onların canı, qanı bahasına azad olunan ərazilərdə ağacəkmə aksiyalarının keçirilməsinin işğala məruz qalan ərazilərdə təbiətimizin bərpası üçün əhəmiyyətini vurğuladı. Xüsusilə düşməndən azad olunmuş yurdumuzda aparılan işlər zamanı həmişə diqqətə alınan bu mövzu dövlətin şəhidlərimizin xatirəsinə verdiyi dəyərin və diqqətin göstəricisidir. Bu işlərdən biri də Fövqaladə Hallar Nazirliyi əməkdaşlarının və şəhid ailələrinin iştirakı ilə işğaldan azad olunmuş ərazilərimizdə hər bir şəhidimizin adına ağacların əkilməsidir.
 
YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva çıxışında bildirdi ki, “Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan oğullarımız bir daha sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir. Uşaqdan-qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Böyük Qələbə üğrunda həlak olan oğul və qızlarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır”.
 
Sonda tədbirdə iştirak edən şəhid ailələri ölkə başçısına onlara göstərilən diqqət və qayğiya görə təşəkkürünü bildirdilər və Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarının Həmkarlar İttifaqı tərəfindən işğaldan azad olunan ərazilərimizdə əkilməsi üçün ağacların ianə olunmasını təsdiq edən sertifikatlar şəhid ailələrinin üzvlərinə təqdim olundu.
Keçidlər