Binəqədi rayon 83 nömrəli məktəb-liseydə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Ata vəsiyyəti və İnamlı Zəfər" adlı tədbir keçirildi
7 noyabr 2023-cü il tarixində Binəqədi rayon Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseydə 08 Noyabr - Zəfər Gününə həsr olunmuş "Ata vəsiyyəti və İnamlı Zəfər" adlı tədbir keçirildi.
Tədbirdə şəhid ailələri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov, Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşı, baş məsləhətçi Leyla Quliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova, qonaqlar, müəllim və şagirdlər iştirak etdilər.
Öncə şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olundu.
Tədbiri giriş sözü ilə açan 83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu olduğunu diqqətə çatdırdı.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov Azərbaycan əsgərinin rəşadəti və xalqımızın birliyi nəticəsində 8 noyabr 2020-ci ilin şanlı tariximizə Zəfər Günü kimi daxil olmasından bəhs edərək bildirdi ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda misilsiz qəhrəmanlıq göstərdiyi Vətən Müharibəsi, lokal antiterror əməliyyatları və ordumuzun dünya hərb tarixində açdığı yeni səhifənin təbliği, gələcək nəsillərə tanıdılması üçün hər kəs öz cəbhəsində töhvələr verməyə çalışır.
Binəqədi RİH başçısının müavini Sevinc Süleymanova Qarabağın incisi Şuşanın noyabrın 8-də 28 illik əsarətdən qurtarması və xalqımızın döyüş əzminin, qüdrətinin təntənəsinə çevrilən bu misilsiz qələbəsinin Prezident cənab İlham Əliyevin sərəncamı ilə qürurla qeyd edilməsinin tariximizin ən parlaq səhifələrindən biri olduğunu nəzərə çatdırdı.
Şəhid anaları və qazi Ruslan Şıxıyev şəhidlərimizin vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışaraq onlarla qürur duyduqlarını bildirdilər. Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını, onların göstərdiyi fədakarlıqların, qəhrəmanlıqların heç zaman unudulmayacağını bildirdilər.
Tədbir şagirdlərin ifasında şanlı zəfərimizdən bəhs edən ədəbi-bədii kompozisiyalarla davam etdirildi.