Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Xilaskar ömrü” adlı tədbir keçirildi

09 dekabr 2022 | 14:45

09 dekabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Xilaskar ömrü” adlı tədbir keçirilmişdir.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının şöbə müdirləri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının professoru, tarix elmləri doktoru, əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı sahibi Musa Quluzadə, xüsusi xidmət orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.

Tədbirdə ilk öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanımızın müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək ən uca zirvə- Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir millətimizin və dövlətimizin əbədi yaşaması üçün öz xalqı və dövləti qarşısında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən “Dahi şəxsiyyət” filminin nümayişi ilə açıq elan edildi.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Bu dahi ihsanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyatı və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının professoru, tarix elmləri doktoru Musa Quluzadə çıxışında bildirdi ki, “Bəşəriyyət yarandığı gündən çox böyük şəxsiyyətlərə, sərkərdələrə, onların əldə etdikləri şanlı qələbələrə şahidlik edib, bu şəxsiyyətlərin qurub-yaratdıqları, miras qoyduqları dövlətçilik ənənələri, intibah xalqlarının gələcəyinə işıq tutub, onların bəlkə də yüz illər sonrakı tarixdə mövqeyini müəyyənləşdirib. Məhz, buna görə də, belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider kimi öz layiqli yerlərini tutublar. Onların yaratdıqlarını, zəngin, böyük irsini araşdıranda, haqqında danışanda isə bir sual daim müzakirə mövzusu olub, cavabını axtarıb: yaşadığı dövrün gerçəklikləri, tarixi reallıqlar şəxsiyyətləri formalaşdırır, yoxsa böyük, güclü, qüdrətli şəxsiyyətlər öz tarixini yaradır? Təbii ki, bu suala müxtəlif zamanlarda yaşayan şəxsiyyətlərə münasibətdə fərqli cavablar vermək mümkündür, lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev barədə danışarkən bu mübahisələrə birmənalı olaraq, aşağıdakı şəkildə nöqtə qoymaq olar - Heydər Əliyev həm tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyət! Bu fikri qüvvətləndirən, arqumentlərimizi genişləndirən faktlar isə yetərincədir. Ulu öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, O, özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Bu gün isə onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, bütün region xalqları, böyük İslam dünyası və türk xalqları faydalanır. Elə buna görə də, Ulu Öndərimizin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır.

Sonda yekun nitqi ilə çıxış edən RİH başçısı Elxan Allahverdiyev çıxış edərək bildirib ki, Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, - deyən Ulu Öndərin həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin müəllifi olduğu dinamik inkişaf strateqiyasının bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyevin siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan daim yaşayacaqdır".

https://www.youtube.com/watch?v=e3FybqBb9Wg

Keçidlər