Binəqədi Rayon İcra Hakimiyyətində 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığın yekunu və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirildi
Binəqədi Rayon İcra Hakimiyyətində 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş iclas keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Bakı Şəhər İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov, Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev, Binəqədi Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, rayonun idarə-müəssisə rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev 2023-2024-cü ilin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində Qərərgah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi bildirildi. Qeyd olundu ki, əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki və növbətçilik təsdiq olunub.
Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri - Zülfəli İsmayılov, Anar Tağıyev, Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev çıxış edərək şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini, bütün təsərrüfat subyektlərində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi barədə tövsiyyə və tapşırıqları nəzərə çatdırdılar və bu işlərin şəhər üzrə yaradılmış Qərərgah tərəfindən koordinasiya olunduğunu bildirdilər.