Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni İl" münasibəti ilə təbriki
Hörmətli Binəqədi rayon sakinləri!
Azərbaycanın şanlı tarixinin uğurlu və əlamətdar ili kimi 2022-ci il tarixə qovuşur. Yola saldığımız bu il Azərbaycanın xarici və daxili siyasəti üçün mühüm hadisələrlə yadda qaldı. Ölkəmizin sosial-iqtisadi inkişafını və artan nüfuzunu təmin edən addımların atılması, xalqın rifahının durmadan yüksəlməsi bizim üçün qürurverici haldır. Ölkə rəhbərinin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan dünya birliyinin ən etibarlı tərəfdaşı, dünyada sabitliyin, həmrəyliyin bərqərar olunması üçün təcrübəsi öyrənilən qüdrətli bir ölkəyə çevrilmişdir.
Ölkəmizi bugünkü Qələbəyə çatdıran güclü dövlət konsepsiyasının gerçəkliyə çevrilməsi bu siyasətin möhtəşəm təntənəsini nümayiş etdirir. Bu böyük yolda ən güclü enerji qaynağı dövlət-xalq birliyi və bütövlüyüdür. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun dünyaya nümunə olan qəhrəmanlığının və Şanlı Zəfərinin başlıca mənbəyi də bu birlikdir.
İşğal edilmiş torpaqlarımızın hər qarışının azad edilməsi uğrunda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xüsusi rəşadət göstərən Azərbaycan Ordusuna təşəkkürümüzü bildirir, Vətən uğrunda canını qurban verən şəhidlərimizə Uca Tanrıdan rəhmət, əzizlərinə səbr, qazilərimizə şəfa diləyirik.
Düşməndən azad olunmuş torpaqların və bu torpaqlarda müasir texnologiyalar əsasında quruculuq işlərinin aparılması, dünyada yaşayan azərbaycanlıların ümummilli dəyərlər ətrafında birləşməsi həm ölkə daxilində bizləri, həm də xaricdəki həmvətənlərimizi hədsiz dərəcədə sevindirir. Son iki yüz ildə xalqımızın həm döyüş meydanında, həm də bütün digər sahələrdə Qalib Xalq kimi qürur duyması çox sevindiricidir.
2022-ci ilin ən yaddaqalan hadisələrindən biri də Qərbi Azərbaycan İcmasının inzibati binasında dövlət başçısının Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı səsləndirdiyi fikirlər oldu. Qərbi azərbaycanlılar tam əmindir ki, gün gələcək onlar Qarabağa qayıdan vətəndaşlarımız kimi Böyük Qayıdışın sevincini yaşayacaq, öz yurdlarına geri qayıdacaqlar. Ona görə ki, bizim müdrik Prezidentimiz və xalqımızın maraqları naminə hesablanmış güclü siyasətimiz vardır. Fəxr edirik ki, biz qalib və mübariz xalqın qalib nümayəndələriyik.
Hörmətli rayon sakinləri,
Sizi 31 Dekabr – “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və qarşıdan gələn “Yeni il” bayramı münasibətilə təbrik edir, dövlətçiliyimizin möhkəmlənməsi, beynəlxalq aləmdə nüfuzumuzun yüksəlməsi və xalqımızın rifahı naminə görülən işlərdə Sizə uğurlar arzu edirəm.
Qarşıdan gələn Yeni il bizləri yalnız xoş hadisələr və xəbərlərlə birləşdirsin!
Hörmətlə,
Elxan Allahverdiyev
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı