Binəqədi rayon orta ümumtəhsil və incəsənət məktəblərinin şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir - Sənsiz deyil!” 10-cu Yaradıcılıq Festivalı qaliblərinin “15 iyun–Milli Qurtuluş Günü”nə həsr olunmuş bayram konserti keçirildi.
10 iyun 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsi və 6 № li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında 5 yanvar 2022-ci il tarixli 3069 saylı Sərəncamının icrası məqsədilə Binəqədi rayon orta ümumtəhsil və incəsənət məktəblərinin şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir - Sənsiz deyil!” 10-cu Yaradıcılıq Festivalı qaliblərinin “15 iyun–Milli Qurtuluş Günü”nə həsr olunmuş bayram konserti keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri – Madər Musayev, Eldar İbrahimov, Kəmaləddin Qafarov, Cavid Osmanov, Arzu Nağıyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri cənab Elmin İmanov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Raqif Abbasov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi cənab İbrahim Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, şəhid ailələrinin üzvləri, qazilər, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, orta ümumtəhsil, məktəbəqədər və incəsənət məktəblərinin rəhbərləri və müəllimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbirdən öncə qonaqlar Ulu Öndərin Rayon İcra Hakimiyyətinin inzibati binasında ucaldılan büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini böyük ehtiramla yad etdilər.
Festival Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan, xalqın xilaskarı ulu öndər Heydər Əliyevin, Vətən uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi. Çıxışlardan öncə artıq onuncu ildir qeyd edilən festivalda iştirakçılarının ötən dövrü ərzində əldə olunan uğurları haqqında məlumat verildi, əvvəlki festivalların fəaliyyətini əks etdirən fotolar nümayiş olundu. Festivalda münsiflər heyətinin seçim turları nəticəsində musiqi, ifaçılıq, rəqs, rəssamlıq və bədii qiraət üzrə 280-dən çox məktəbli arasında 145 nəfər məktəbli qalib seçilmişdir. Qalib iştirakçılar müxtəlif nominasiyalar üzrə ifalarını nümayiş etdirdilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qonaqları salamlayaraq deyd etdi ki, tariximizə Milli Qurtuluş günü kimi daxil olmuş 1993-cü il ilin 15 iyun tarixi onu dərindən dərk edənlər, Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün çox əziz tarix, əsil qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və ona dayaq olan dahi insan – ulu öndər Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyev İlham Əliyev haqqında “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” demişdi. Həyat bu sözlərin nə qədər böyük bir həqiqət olduğunu bütün dünyaya göstərdi. Xalq, igidlər ancaq inandıqları sərkərdələrin, ədalətli döyüşün, doğma Vətən, ana torpaq üçün başlanan haqq savaşının ardınca könüllü gedir. 44 günlük Vətən müharibəsində olduğu kimi. Bu, bizim Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun xalqımıza bəxş etdiyi möhtəşəm tarixi Qələbəmiz və Zəfərimiz oldu.
Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev qeyd etdi ki, bütün bu uğurların, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. 15 İyun - Milli Qurtuluş Günü təkcə dövlətçiliyimizin xilası deyil, bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.
Millət Vəkili Eldar İbrahimov müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu haqqında məlumat verərək qeyd etdi ki, Ulu Öndərin zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov ulu öndər Heydər Əliyev kimi fenomenal bir şəxsiyyətin Azərbaycanda hakimiyyətə gəlməsinin tarixi hadisə olduğunu vurğuladı. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideyasının əsasını da məhz ulu öndər Heydər Əliyev yaratmışdır. Əgər dönüb arxaya, keşməkeşli müstəqillik tariximizə, təlatümlərlə dolu illərə nəzər salsaq bir daha ümummilli liderin ucalığının şahidi olarıq. Ulu Öndər Heydər Əliyev zəngin mədəni irsimizin qorunmasını vacib hesab edərək deyirdi: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov qeyd etdi ki, Ulu Öndər elm və təhsilə xüsusi həssaslıqla yanaşıb, bu sahəyə daim qayğı göstərib. Ümummilli Lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd edib ki, “təhsil sahəsi cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
Çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd etdi ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başlanılıb. Bu gün dahi şəxsiyyətin həyatımızın bütün sahələrində yeritdiyi ideyalar artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır.
keçird: https://rih.gov.az/information/details/611