Binəqədi Rayon Təşkilatı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə təşkilatçılığı ilə görkəmli həkim oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə təşkilatçılığı ilə görkəmli həkim oftalmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirildi.
Tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova, Milli Məclisin deputatı Kamaləddin Qafarov, TƏBİB aparatının məsul şəxsləri, Binəqədi rayonunda fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri və rayon ictimaiyyəti iştirak etdilər.
Tədbir iştirakçıları ilk olaraq Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, onun əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Daha sonra tədbir Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında davam edib, ilk olaraq Zərifə Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib, onun haqqında hazırlanmış sənədli film izlənildi.
Açılış nitqi ilə çıxış edən Vüsar İsmayılov Zərifə xanımı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə etdi. V.İsmayılov həkim peşəsini vicdanla yerinə yetirən oftalmoq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənilərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırdı.
Çıxış edən Vüqar Qurbanov bildirdi ki, Respublikada regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq istiqamətində Zərifə xanım Əliyevanın fəaliyyəti danılmazdır. Onun effektiv mübarizə üsulları təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyır.
Sonda çıxış edən Kəmaləddin Qafarov çıxışında Zərifə xanımı Azərbaycan xalqının sərvəti kimi səciyyələndirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda, qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd etdi.