Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayoninda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilib.

10 may 2022 | 17:58

06 may 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının  Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, YAP Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatlarının sədrləri, fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir başlamazdan öncə YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılmış ümummili lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov tədbirdə açılışı nitqi ilə çıxış edərək bildirdi ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ölkəmizdə hər il olduğu kimi böyük ehtiramla qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri xatırlanır. Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayaraq əlavə etdi ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu. Ölkəmizin daxili və xarici siyasi kursunda əsaslı dönüş yarandı, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında mühüm islahatlar həyata keçirilməyə başlandı. Azərbaycanın əldə etdiyi uğurlar bu gündə davamlı və dayanıqlı xarakter daşıyır. Ölkəmizdə Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və ulu öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması ilə dövlətimizin inkişafına, dünyadakı mövqeyinin və xalqımızın rifah halının daha da möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli islahatlar aparılır. 

Daha sonra çıxış edən millət vəkili Kamaləddin Qafarov Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin sayəsində Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından geniş məlumat verib. Onun sözlərinə görə dahi şəxsiyyət Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi üçün tarixi işlər görüb. Bu gün ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir. Ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik isə göstərir ki, müasir, müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə xidmət edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn  Əsgərov çıxışında qeyd etdi ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət olmaqla yanaşı, eyni zamanda qeyri-adi zəka sahibi, müdrik dövlət xadimi kimi düşüb. Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Hüseyn Əsgərov dahi şəxsiyyətin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirdi.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı  Elxan Allahverdiyev  tədbirdə yekun nitq söyləyərək vurğulayıb ki, bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir. Ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini vurğulayıb. Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, bugünkü uğurlarımız üçün möhkəm baza yaradan  Heydər Əliyevin Azərbaycan xalqının tarxində böyük rolu var. Onun hər addımı ölkəmizin inkişaf tarixinə biri-birindən əhəmiyyətli uğur səhifələrini yazıb. Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.

Keçidlər