Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 102 nömrəli tam orta məktəbdə “Dəyərlərimizi qoruyaq!” mövzusunda tədbir keçirildi

04 mart 2024 | 10:22

Ulu öndər Heydər Əliyev: “Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir.”

01 mart 2024-cü il tarixində Binəqədi rayonu M.X.Axundzadə adına 102 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdlərinin iştirakı ilə hazırlanmış “Dəyərlərimizi qoruyaq!” mövzusunda tədbir həyata keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, M.X.Axundzadə adına 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılova, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak etdilər.

Tədbirdən öncə qonaqlar məktəblilərin əl işlərindən, rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.

Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canına fəda edərək şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mailə İsmayılova qonaqları salamlayaraq bildirdi ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. M.İsmayılova bildirdi ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında qeyd etdi ki, ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını, gələcək nəsillərə ötürülməsini hər bir azərbaycanlının əsas vəzifəsi hesab edirdi. Milli dəyərlərimizə xüsusi diqqətlə yanaşan ümummilli liderimiz Heydər Əliyevin qayğısı və diqqəti sayəsində "Kitabi-Dədə Qorqud" dastanı özünün layiqli yerini tutmuş və qiymətini almışdır. Ulu öndər Heydər Əliyev eposu son dərəcə yüksək qiymətləndirir, "Kitabi-Dədə Qorqud"u Azərbaycan xalqının tarixinin, etnik yaddaşının, arxaik təfəkkürünün güzgüsü, nitqimizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi" adlandırırdı. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyev də milli dəyərlərimizə, adət-ənənələrimizə yüksək dəyər verir. Ölkəmizdə məscidlərin, kilsələrin, sinaqoqların və digər ibadət evlərinin ardıcıl olaraq əsaslı təmir edilərək və ya yenidən qurularaq insanların istifadəsinə verilməsi dövlət başçısının milli-mənəvi dəyərlərə verdiyi ən yüksək töhfədir. Milli-mənəvi dəyərlərimizin qorunmasında və bunların dünyada təbliğ olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Təkcə bir faktı göstərmək kifayətdir ki, Heydər Əliyev Fondunun Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti xalqımızın bu milli sərvətini dünya miqyasında şöhrətləndirmişdir. S.Süleymanova mənəvi dəyərlərin qorunması, saxlanması və öyrənilməsi  barədə  tədbirlərin məktəbdə keçirilməsinin şagirdlər üçün olduqca vacib və  əhəmiyyətli olmasını vurğuladı, gənclərin vətənpərvər vətəndaş və şəxsiyyət  olaraq formalaşmasında mühüm rol oynamasını, tarix boyu mənəvi sərvətimizə göz tikən yadellilərin olmasını, amma bir millətin dəyəri onun qanında, genetik fondunda olduğu üçün milli-mənəvi dəyərlərimizi bizdən almaq cəhdlərinin hər zaman boşa çıxdığını bildirdi.

Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən “Ana dilimiz  milli sərvətimizdir!” çağırışını səsləndirən şagirdlər doğma dilimizə həsr edilən şeirlər, mahnılar söylədi, doğma dilimizə, dəyərlərimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar, rəqslər nümayiş etdirdilər.

Sonda xatirə fotosu çəkildi.

Keçidlər