Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 115 saylı tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndirici tədbir keçirildi

16 oktyabr 2023 | 11:35

13 oktyabr 2023-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Azər Məmmədov adına 115 saylı tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Rayon Polis İdarəsinin əməkdaşları, Azər Məmmədov adına 115 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.

Tədbir torpaqlarımızın ərazi bütövlüyünün bərpası, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.

Daha sonra Azər Məmmədov adına 115 saylı tam orta məktəbin direktoru Natəvan Əsədova qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edən Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkərək bildirdi ki, rayon polisi narkotik vasitələrin alveri ilə məğul olanların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində müxtəlif əməliyyat tədbirləri həyata keçirir və bundan sonra da narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətinin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsi zəruridir.

Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək bildirdi ki: “Narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Əsrimizin bəlasına çevrilən ağ ölüm adlandırılan narkomaniya ilə mübarizə dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdəndir. Gənclərin iştirakı ilə keçirilən maarifləndirici görüşlərin başlıca məqsədi gəncləri bu bəladan uzaq tutmaqdır. Komissiyasının sədri Sevinc Süleymanova gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr verdi.

Daha sonra çıxış edən Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin rəisi səlahiyyətlərini icra edən polis baş leytenantı Fərrux Həsənov məktəblilərə gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə ətraflı məlumat verdi.

Tədbir diskussiya formatında davam etdirildi.

Tədbirin sonunda əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş qısametrajlı film nümayiş etdirildi.

Keçidlər