Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə 8 Noyabr - Zəfər gününə həsr edilmiş “Qəhrəmanların izi ilə” adlı tədbir keçirildi

07 noyabr 2024 | 15:40

6 noyabr 2024-cü il tarixində Binəqədi rayonu, Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə 8 Noyabr - Zəfər gününə həsr edilmiş “Qəhrəmanların izi ilə” adlı tədbir keçirildi.

Tədbirdə məktəbin fəxri məzunları şəhid Turan Şərifov, Əli Heydərov və  Elnur Mustafayevin valideynləri, ailə üzvləri, qaziləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin əməkdaşı Leyla Quliyeva, eləcə də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının əməkdaşları, məktəbin direktoru Şəfa Qurbanova, məktəbin pedoqoji kollektivi və şagirdlər iştirak etdilər.

Tədbirdən öncə şəhidlərin xatirəsini əbədiləşdirmək və onların ruhlarına ehtiram göstərmək məqsədilə adlarına ağac əkmə aksiyası və şəhidlərin adının əbədiləşdirildiyi xatirə guşəsinin açılış mərasimi keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və canlarını torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan məktəb direktoru Şəfa Qurbanova Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verdi.

Çıxış edən şəhid anaları övladları ilə bağlı xatirilərini bölüşərək şagirdləri belə vətənpərvər ruhda yetişdirdiklərinə görə məktəb rəhbərliyinə və kollektivinə təşəkkür etdilər.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev bildirdi ki, “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.Torpaqlarımız işğaldan azad edilmişdir.Eyni zamanda, Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Ötən ilin noyabrında Xankəndidə keçirilən Zəfər paradı ölkəmizin gücünün və Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə yazıldı.”

Tədbirin bədii hissəsində şagirdlər şəhid və qazilərin şərəfli həyat yoluna həsr olunmuş kompozisiyalar təqdim etdilər, şeirlər səsləndirdilər. Belə tədbirlər gənclərdə vətənpərvərlik ruhunun tərbiyəsi, gücləndirilməsi üçün böyük əhəmiyyət daşıyır.

Tədbirin sonunda xatirə fotosu çəkildi.

Keçidlər