Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 179 № li tam orta məktəbdə 2016-cı il Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış Emin Bağırovun və Fəxrəddin Qurbanlının anım gününə həsr olunmuş tədbir keçirildi

04 aprel 2026 | 09:19

03 aprel 2026-cı il tarixində Qorxmaz Baxşıyev adına 179 № li tam orta məktəbdə 2016-cı il Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış Emin Bağırovun və Fəxrəddin Qurbanlının anım gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Elnur Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Rəhman Qəhrəmanov, 179 № li tam orta məktəbin direktoru Həqiqət Bayramova, şəhid ailələri, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək qeyd etdi ki, Aprel döyüşləri tarixi Zəfərə aparan yola işıq saldı, Azərbaycan xalqının qəhrəmanlığını, sarsılmazlığını nümayiş etdirirdi. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyatlar zamanı qazanılmış tarixi qələbə Azərbaycan Ordusunun qələbə əzmini sübuta yetirdi. Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Ordusu istənilən vaxtda Böyük Qələbəni qazanmağa qadirdir. Azərbaycan xalqı əmin idi ki, Böyük Qayıdış qısa müddətdə baş tutacaq. Aprel zəfəri insanların əzmini, ümidini özünə qaytardı. Böyük əzmkarlıqla düşmənə qarşı mübarizə aparan və ərazi bütövlüyümüz uğrunda canından keçən aprel şəhidlərimiz gənc nəsillər üçün də əsl qəhrəmanlıq nümunəsi oldular. Həmin gənc nəsil 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşməni məhv edərək tarix yazdı, Aprel döyüşlərində başlanan əməliyyatı uğurla sona çatdırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək bütün dünyaya sübut etdi ki, onun iradəsini sarsıtmaq, işğalla barışmağa məcbur etmək mümkün deyil. Beləliklə, 44 günlük Vətən müharibəsi nəticəsində işğalçı ölkə diz çökməyə, kapitulyasiyaya məcbur oldu.

Növbəti çıxş edən şəhid Fəxrəddin Qurbanlının sinif rəhbəri Sevinc Cabbarova şəhid ailələrinə hörmət və ehtiramını bildirərək, gənc nəslin vətənpərvər, vətənə, torpağa sevgi ruhunda böyüməsində təhsilin rolundan, məktəbin şəhid məzunlarının həyatından məlumat verdi.

Şəhid ailələri adından çıxış edən şəhid Fəxrəddin Qurbanlının anası Həzimə Qurbanova onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.

Tədbir Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı musiqi və şeir kompazisiyaları ilə davam etdi.

Vətənimizin ərazi bütövlüyünün bərpası və suverenliyimiz uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər