Binəqədi rayonu 217 № li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi
05 dekabr 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivi, R.Allahverdiyev küçəsi 3 ünvanında yerləşən 217 № li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.
Tədbirdə Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Zülfüqar Orucov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin polis əəkdaşları Tural Seyidli və Mehman Hacıyev, 217 li tam orta məktəbin direktoru Əbülfət Əkbərov, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən 217 № li tam orta məktəbin direktoru Əbülfət Əkbərov qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Zülfüqar Orucov, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkərək bildirdilər ki, rayon polisi narkotik vasitələrin alveri ilə məğul olanların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində müxtəlif əməliyyat tədbirləri həyata keçirir və bundan sonra da narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətinin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsi zəruridir.
Növbəti çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, cəmiyyətdə hər bir şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin, şüurunda həkk olunan öyüd-nəsihətin, ailə mühitinin və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğunu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdi.
Sonda çıxış edən 217 nömrəli tam orta məktəbin psixoloqu Gülnar Teymurova gənclərimizi və uşaqlarımızı narkomanlığın necə bir bəla olduğunu, bu bəladan uzaq durmalarını və ətraflarında olan insanları da “ağ ölüm”dən qorumaq üçün çalışmalarının vacibliyini qeyd edərək, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdı.
Tədbir çərçivəsində mövzuya dair videoçarx nümayiş edildi.









