Binəqədi rayonu 248 № li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi
03 dekabr 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 8-ci mikrorayon, İ.Dadaşov 10 ünvanında yerləşən 248 № li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Eyvaz Mürvələtov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin sahə rəisi, polis mayoru Şahin Sadıqov, Bakı Narkoloji Mərkəzin əməkdaşı, sosioloq Fidan Ataxanlı, 248 № litam orta məktəbin direktoru Xəyyam Fərəcov, 248 № li tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən 248 № li tam orta məktəbin direktoru Xəyyam Fərəcov qonaqları salamlayaraq, cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Eyvaz Mürvələtov, cəmiyyətdə hər bir şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin, şüurunda həkk olunan öyüd-nəsihətin, ailə mühitinin və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğunu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdi.
Növbəti çıxış edənlər Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin sahə rəisi, polis mayoru Şahin Sadıqov, Bakı Narkoloji Mərkəzin əməkdaşı, sosioloq Fidan Ataxanlı narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkərək bildirdilər ki, rayon polisi narkotik vasitələrin alveri ilə məğul olanların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində müxtəlif əməliyyat tədbirləri həyata keçirir və bundan sonra da narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətinin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsi zəruridir. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildirdilər.
Sonda çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov gənclərimizi və uşaqlarımızı narkomanlığın necə bir bəla olduğunu və ətraflarında olan insanları da “ağ ölüm”dən qorumaq üçün çalışmalarının vacibliyini qeyd edərək, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdı.
Tədbir şagırdləri maraqlandıran sualları təşkilatçılar tərəfindən ətraflı cavablandlrmaqla müzakirə formatında davam etdi.









