Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 267 № li məktəb-liseydə “Erkən nigah problemi və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirildi

16 may 2025 | 14:23

16 may 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə E.Həmidov adına 267 № li məktəb-liseydə “Erkən nigah problemi və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin baş inspektoru, polis mayoru Cəfər Adıgözəlov, bölmənin inspektoru, polis kapitanı Nərmin Məmmədova, “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyinin sədri Tünzalə Cavadova, E.Həmidov adına 267 № li  məktəb-liseyin direktoru  Rəna Ağazadə, məktəbin pedoqoji heyəti və şagirdlər iştirak etdilər.   

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz, uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

E.Həmidov adına 267 № li məktəb-liseyin direktoru Rəna Ağazadə qonaqları salamlayaraq tədbirin mövzusu barədə məlumat verdi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək billdirdi ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də erkən nikah məsələsi və onun cəmiyyətdə yaratdığı fəsadlar dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurması onların təhsilinə, bir fərd kimi inkişafına maneə yaratmaqla yanaşı, psixoloji durumlarına da mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atmaqla yanaşı, boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Sevinc Süleymanova vurğuladı ki, təhsilli qadın, təhsilli nəsil, sağlam cəmiyyət deməkdir: Valideynlər qız övladlarının erkən yaşda ailə qurmasına yox, oxumasına, təhsil almasına, sənət, peşə sahibi olmasına çalışmalıdırlar. Təhsilsiz qadın öz hüquqlarından xəbərsiz olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur. Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu, bir çox Dövlət Proqramları vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində milli konsepsiyasının inkişafında xüsusi rol oynayır. 

Növbəti çıxış edən Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin inspektoru, polis kapitanı Nərmin Məmmədova çıxışında qeyd etdi ki, erkən nikah gələcək qeyri-sağlam ailə, sağlamlıq imkanı məhdud övlad, psixoloji cəhətdən tamamlanmamış qadın və bir sözlə qeyri–müəyyən gələcək deməkdir. Ailə müqəddəsdir, hər kəs bu müqəddəsliyin qorunub saxlanılması üçün qanunun müəyyən etdiyi yaş həddinə çatmalı, bir ailənin,  bir övladın məsuliyyətini dərk etməlidir. Sağlam cəmiyyətin gələcəyi sağlam ailələrin formalaşmasından başlayır. Hər bir uşaq öncə ailənin, sonra cəmiyyətin və dövlətin gələcəyidir. Bütün insanların sağlam, təhsilli, sosial olması vacibdir, ən əsası bu onların haqqıdır.

Sonda çıxış edən “Qadın və Gənc Ailələrin sosial İnkişafı” İctimai Birliyinin sədri Tünzalə Cavadova iştirak edən gənclərə erkən nikahın fəsadları haqqında  geniş məlumat verərək bildirdi ki, erkən nikahların mənfi təsirləri, fəsadları kifayət qədərdir: həmin hallarla rastlaşan qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə təmsil etməsinə bir sıra problemlər yaradır. Bütün bunlar həyat və sağlamlıq üçün müxtəlif əngəllər törətməklə yanaşı həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

Məktəbin psixoloqu Vüsalə Yəhyayeva məktəblilərlə bu mövzuda aparılan işlərlə bağlı məlumat verdi. Tədbir disskusiya formatında davam etdi və şagirdlərin hazırladıqları “Erkən nigahlara yox deyək!” mövzusunda video-rolik nümayiş etdirildi.

Keçidlər