Binəqədi rayonu 276 № li tam orta məktəbdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən valideyn konfransları çərçivəsində növbəti görüş keçirildi
07 may 2026-cı il tarixində 276 № li tam orta məktəbdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən valideyn konfransları çərçivəsində növbəti görüş təşkil olundu.
Konfransda Binəqədi Rayon İcra başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Turanə Məcidli, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşı Nərgiz Məmmədova, BŞTİ-nin əməkdaşı, psixoloq Aysel Novruzova, məktəbin direktoru, müəllimlər, məktəb psixoloqları və valideynlər iştirak etdilər.
BŞTİ-nin müdir müavini Turanə Məcidli ailə-məktəb əlaqələrinin uşağın davranışına və təhsilə münasibətinə təsirini vurğulayaraq, davamlı və məqsədyönlü ünsiyyətin uşağın ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və vaxtında dəstəklənməsi baxımından əhəmiyyətini qeyd etdi.
Binəqədi Rayon İcra başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova valideyn-məktəb əməkdaşlığının gücləndirilməsini sağlam və balanslı nəsil yetişdirilməsinin əsas şərtlərindən biri kimi dəyərləndirib. Bu diqqət və qayğının uşaqlarda özünəinamın formalaşmasına və onların potensialının daha dolğun şəkildə üzə çıxarılmasına şərait yaratdığını qeyd edib.
Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşı Nərgiz Məmmədova məktəblərlə birgə fəaliyyətin uşaqların müdafiəsi və təhlükəsiz təhsil mühitinin təmin olunmasında mühüm rol oynadığını bildirib.
“Ailə və məktəb mühitində uşağın psixoloji və emosional inkişafı”, “Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması”, “Valideyn-məktəb əməkdaşlığı və ünsiyyətin düzgün təşkili” və “Təhsil müəssisələrində zorakılığın qarşısının alınması” mövzularında təqdimatlarla çıxış edən BŞTİ-nin əməkdaşı, psixoloq Aysel Novruzova rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması üçün texniki nəzarətdən daha çox, uşaqlarda məsuliyyətli istifadə vərdişlərinin formalaşdırılmasının əsas həll yollarından biri olduğunu vurğuladı.
Sonda iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənildi, ünvanlanan suallar cavablandırıldı.









