Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirildi

04 may 2023 | 10:44

04 may 2023-cü il tarixində Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə  ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirildi.

Tədbirdən öncə sərgiyə baxış keçirildi və ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirildi. Daha sonra Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirin rəsmi hissəsini giriş nitqi ilə açan 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev  bildirdi ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi yazılmışdır.

Bakı Dövlət Universitetinin Tarix fakultəsinin dekanı, professor  İbrahim Zeynalov isə çıxışında qeyd etdi ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərinin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan tarixində milli dövlətçiliyimizin və milli varlığımızın qorunmasında misilsiz xidmətlər göstərmiş və elə bu xidmətlərə görə də xalq arasında böyük hörmət və nüfuz, ümumxalq sevgisi qazanmış, həmçinin öz fəhmi, istedadı, qətiyyəti, iradəsi, əzmkarlığı ilə dünya çapında öz sözünü demiş dahi bir şəxsiyyətdir. Onun keşməkeşlərlə dolu mənalı ömür yolu, xalq və vətən qarşısında misilsiz xidmətləri, zəngin mənəvi irsi və dövlətçilik təcrübəsi gələcək nəsillərə nümunədir, örnəkdir.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayaraq əlavə etdi ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Ümummilli lider Heydər Əliyevin qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Azərbaycanın əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır.

Tədbirdə yekun nitq söyləyən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, Azərbaycan dövlətinin və xalqının tarixində misilsiz xidmətləri olmuş, böyük xilaskarlıq missiyasını çiyinlərində daşımış ulu öndər Heydər Əliyev 1923-cü il may ayının 10-da Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində dünyaya göz açmışdır. Tale elə gətirmişdir ki, Heydər Əliyevin Naxçıvandan başlayan ömür yolu sonradan böyük uğurlara imza atmış, siyasi fəaliyyətində dövlətinin müstəqilliyinə və millətinin inkişafına xidmət etmişdir. 1969-cu ildən başlayaraq Azərbaycanda siyasi hakimiyyətdə olan Heydər Əliyev siyasi rəhbərliyi dövründə Azərbaycanın maraqlarını müdafiə etmiş, bütün dünyada nüfuzlu, uzaqgörən dövlət xadimi kimi şöhrət qazanmışdır. Bu gün də ulu öndər Heydər Əliyevin ideyaları yaşayır və ölkəmizi dinamik nailiyyətlərə aparır. Məhz onun siyasi ideyalarının təməlini qoyduğu Azərbaycanın dövlət idarəetməsi ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da qüvvətlənir, müstəqilliyimizin əbədiliyi, dönməzliyi, xalqımızın davamlı inkişafı təmin edilir.

Tədbir bədii hissə ilə başa çatdı.

Keçidlər