Binəqədi rayonu 297 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dahi şəxsiyyət” adlı tədbir keçirildi
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, “Unity company” şirkətinin direktoru Fikrət Əliyev, İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, məktəbin direktoru, müəllim və şagirdlər iştirak etdilər.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Cavid Abaszadə qonaqları salamlayaraq Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirdi. Məktəb direktoru Heydər Əliyevin təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyini, Ümummilli Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı.
BŞTİ müdiri Mehriban Vəliyeva Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını dahi rəhbərə olan ümumxalq sevgisinin təcəssümü, xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri ilə çoxəsrlik tariximizin ən parlaq səhifələrini yazan Ulu Öndərə böyük ehtiramın göstəricisi olduğunu vurğuladı.
Ulu Öndərin illərlə yaşatdığı əqidə və amalının sınaqlardan keçərək dəyərə çevrildiyini söyləyən İdarə müdiri Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə və Azərbaycanın dövlət quruculuğu yolunda inamla irəlilədiyinə diqqət çəkdi.
M.Vəliyeva hər zaman xalqın ziyalılarına, görkəmli şəxsiyyətlərin adı ilə bağlı olan əlamətdar günlərə xüsusi önəm verən Ulu Öndərə həsr olunmuş 2023-cü il çərçivəsində Azərbaycanın inkişafında, elm, ədəbiyyat, sənət, təhsil və digər sahələrdə müstəsna xidmətləri olan insanların xatırlanmasını, yubileylərinin qeyd olunmasını Heydər Əliyev ənənəsinin davam etdirilməsi, ümummilli liderin idaeyalarının yaşadılması kimi qəbul olunduğunu qeyd etdi. İrəvan Müəllimlər Seminariyasının ilk müəllimlərindən olan maarifpərvər ziyalı, bir çox tanınmış şəxsiyyətlərinin yetişməsində xüsusi xidmətlər göstərmiş, ömrünü millətinin tərəqqisi yolunda xərcləyən F.B.Köçərlinin daim xatırlanacağından, onun zəngin irsindən hələ neçə-neçə nəsillərin bəhrələnəcəyindən söz açdı.
İctimai fəal şəxslərin məktəbin, müəllimin yanında olmasını yüksək qiymətləndirən M.Vəliyeva millət vəkili Q.Paşayevaya təşəkkürünü bildirərək, bu cür görüşlərin davamlı olacağını qeyd etdi.
Millət vəkili Qənirə Paşayeva çıxışına Heydər Əliyevin "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” fikri ilə başladı. Ümummilli Lider Heydər Əliyevin həmişə müəllim əməyini yüksək qiymətləndirdiyini deyən millət vəkili sözü ilə əməli vəhdətdə olan dahi liderin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edərək, nəsillərə nümunə olan ideyalarının həyatımız boyu yolumuza işıq salacağına əminliyini bildirdi.
Ümummilli Lider Heydər Əliyevin qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, məsuliyyətli vətəndaş, Vətənini və millətini sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran lider kimi gənc nəsil tərəfindən hərtərəfli öyrənilməlisinin vacibliyinə toxundu.
Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun Bəy Köçərlinin anadan olmasının 160 illiyinin tamam olduğunu xatırladan Q.Paşayeva xalqının gənc və yeniyetmə övladlarının maarifləndirilməsi, təhsil alması və mədəni inkişafında yorulmadan çalışan ziyalılardan olduğunu söylədi.
Tədbirdə çıxış edənlər - Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, “Unity company” şirkətinin direktoru Fikrət Əliyev keçmişimizi dərindən öyrənmək və sələflərimizin yaratdıqları mənəvi dəyərlərə sahib çıxmaq üçün təhsil müəssisələrində təşkil edilən bu cür tədbirlərin əhəmiyyətindən danışıdılar. Məktəblərdə Azərbaycanın dəyərlərinə olan ehtiramı müşahidə etməyin xoş təəssüratlar yaratdığını bildirən çıxışçılar Dahi Liderin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində təhsil sahəsində böyük nailiyyətlərin əldə olunmasından bəhs etdilər.
Sonra Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu..
Tədbirdə şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.
Sonda millət vəkili Q.Paşayeva tərəfindən şagirdlərə müxtəlif kitablar hədiyyə edildi. Həmçinin “Unity company” şirkəti tərəfindən 2 məktəblinin təhsil xərclərinin qarşılanacağı açıqlandı.