Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 297 saylı tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndirici tədbir keçirildi

05 may 2023 | 11:08

5 may 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 297 saylı tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ilqar Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşləri  üzrə inspektoru, polis leytenantı Lalə Əliyeva və 297 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.

Tədbir torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə açıq elan edildi.

297 nömrəli tam orta məktəbin direktoru Cavid Abaszadə qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edən Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkərək bildirdi ki, rayon polisi narkotik vasitələrin alveri ilə məğul olanların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində müxtəlif əməliyyat tədbiləri həyata keçirir və bundan sonra da narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətinin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsi zəruridir.

Sonra çıxış edən Sevinc Süleymanova bildirdi ki: “Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Çünki sağlamlıq insanın yalnız xəstə olmaması deyil, eyni zamanda onun fiziki, psixi və sosial rifahıdır. İnsan üçün dünyada ən əziz varlıq həyatdır, həyatda ən vacib amil isə sağlamlıqdır. Sağlamlıq dedikdə yalnız fiziki sağlamlıq deyil, həmçinin psixoloji sağlamlıq nəzərdə tutulur. Bunun üçün valideyn və övlad arasında düzgün münasibətlərin qurulması, düzgün qidalanma, iş və asudə vaxtın səmərəli təşkili, idmanla məşğul olmaq və şəxsi gigiyenaya fikir verilməsi kimi əsas məqamlara xüsusi diqqət yetirmək gərəkdir. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Bu səbəbdən də vətəndaşlar, xüsusən də gənclər arasında maarifləndirici tədbirlərin aparılması çox vacib məsələdir”.

Daha sonra çıxış edən Lalə Əliyeva məktəblilərə gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verdi.

Keçidlər