Binəqədi rayonu 3 № li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi
29 oktyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 3 № li tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.
Tədbirdə Rayon Polis İdarəsinin rəisi-polis polkovniki İlqar Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini-Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi-polis mayoru İsa Həbibzadə, Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi-polis polkovnik-leytenantı Tuncay Abbasov, İdarənin Narkotiklərlə mübarizə bölməsinin rəisi-polis baş leytenantı Fərrux Həsənov, 3 № li tam orta məktəbin direktoru Almaz Həsrət, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov gənclərimizi və uşaqlarımızı narkomanlığın necə bir bəla olduğunu, bu bəladan uzaq durmalarını və ətraflarında olan insanları da “ağ ölüm”dən qorumaq üçün çalışmalarının vacibliyini qeyd edərək, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə söhbət açaraq, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdı.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova cəmiyyətdə hər bir şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin, şüurunda həkk olunan öyüd-nəsihətin, ailə mühitinin və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğunu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdi.
Növbəti çıxış edən Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi-polis mayoru İsa Həbibzadə həyata keçirilən maarifləndirmə tədbirləri haqqında məlumat verərək, narkotiksiz cəmiyyət üçün mübarizəni ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətinin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsinin zəruri olduğunu vurğuladı.
Tədbir şagirdləri maraqlandıran suallar ətrafında müzakirə formatında davam etdi.
Sonda məktəblilər "Narkotiksiz gələcək naminə!” mövzusunda videoçarxı izlədilər.