Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 3 nömrəli tam orta məktəbdə 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirildi

21 yanvar 2025 | 13:30

17 yanvar 2025- ci il tarixində Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Leyla Quliyeva, Respublika Veteranlar Təşkilatının gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlıq şöbəsinin aparıcı mütəxəssisi Rasim Mirzəyev, Binəqədi Rayon Veteranlar Təşkilatının sədri Teyyub Həsənov iştirak etdilər.

Tədbir iştirakçıları məktəbin  adını daşıdığı 20 Yanvar şəhidi Rüstəm Əliyevin xatirə guşəsini ziyarət etdilər, şəkli önünə qərənfillər düzdülər və şagirdlərin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm işlərindən ibarət sərgi ilə tanış oldular.

Tədbirdə ümummilli lider Heydər Əliyevin, Qanlı Yanvar faciəsində, vətənin azadlığı, müstəqilliyi, suverenliyi uğrunda canından keçən igid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının  Dövlət Himni səsləndi.

Tədbir məktəbin şagirdlərindən ibarət xorun ifasında “Azadlıq” marşının səslənməsi ilə davam etdi.

Məktəbin direktoru Almaz Həsrət çıxışında qeyd etdi ki,  20 Yanvar – Ümumxalq Hüzn Günü həm şəhidlərimizin anım günü, həm də ölkəmizin ərazi bütövlüyü, azadlığı uğrunda mübarizə aparan xalqımızın birliyi günüdür. Bütün bunlar tariximizin şərəf və qürur səhifələridir.

Tədbirdə çıxış edənlər-Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Respublika Veteranlar Təşkilatının nümayəndəsi Rasim Mirzəyev,  Binəqədi Rayon Veteranlar Təşkilatının sədri Teyyub Həsənov, məktəbin tarix müəllimi Vətən Hüseynov qeyd etdilər ki, 1990-cı il 20 yanvar tarixi Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, xalqın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin oyanışı günüdür. Həmin gün doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar.

Tədbirin bədii hissəsində məktəbin istedadlı şagirdləri vətənpərvərlik ruhunda mahnılar ifa edərək, 20 Yanvar gününü əks etdirən şeir və səhnələrlə çıxış etdilər.

Keçidlər