Binəqədi rayonu 3 nömrəli tam orta məktəbdə 8 Noyabr - Zəfər gününə həsr edilmiş “Xarıbülbülün Qərənfilə Müjdəsi” adlı tədbir keçirildi
6 noyabr 2024-cü il tarixində Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə 8 Noyabr - Zəfər gününə həsr edilmiş “Xarıbülbülün Qərənfilə Müjdəsi” adlı tədbir keçirildi.
Tədbirdə şəhid Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Millət vəkili Elçin Mirzəbəylinin köməkçisi İbrahim Bağırlı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Azər Həsrət, məktəbin direktoru Almaz Həsrət, məktəbin pedoqoji kollektivi və şagirdlər iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və canlarını torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan məktəb direktoru Almaz Həsrət Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verdi.
Şəhid Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova şagirdləri belə vətənpərvər ruhda yetişdirdiklərinə görə məktəb rəhbərliyinə və kollektivinə təşəkkür etdilər.
Daha sonra çıxış edən Leyla Quliyeva bildirdi ki, “Artıq yeni tarixi reallıqlar içərisində yaşayırıq. Dəyişən hadisələr təkcə Azərbaycanın və xalqımızın taleyində baş verənlərlə bitmir. 30 illik münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın azad edilməsi daha geniş coğrafiyanın reallıqlarının dəyişməsi ilə müşahidə olunmuşdur və olunmaqdadır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Şanlı Qələbəsi sayəsində Yer üzərində uzun sürən münaqişələrdən biri öz həllini tapdı. Bu Qələbənin nəticəsi olaraq dünyada məcburi köçkünlərin sayı bir milyon nəfər azaldı. Digər ölkələrdə təcavüzə, etnik təmizlənməyə məruz qalanların gözlərində ümid parıltısı görünməyə başladı. Azərbaycan haqqa, ədalətə çatmağın yolunu göstərdi!”
Qonaqlar çıxışlarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qazanılan uğurlardan bəhs edərək şəhidlərin, qazilərin göstərdiyi qəhrəmanlıqlardan danışdılar. Azər Həsrət, çıxışında gənclərin milli ruhda yetişməsinin vacibliyini vurğulayaraq, medianın bu yolda mühüm rol oynadığını bildirdi.
Tədbir şagirdlərin Zəfər Günü üçün xüsusi hazırladıqları musiqi, rəqs və vətənpərvərlik mövzusunda səhnəciklərlə davam etdi. Bu cür tədbirlər Azərbaycanın gənc nəslinə Vətən sevgisini, milli qürur hissini aşılayır və onları gələcəyə daha hazırlıqlı, ölkəsinə daha bağlı gənclər kimi yetişdirir. “Xarıbülbülün Qərənfilə Müjdəsi” tədbiri də məhz bu amalın təzahürü kimi yadda qaldı.
Tədbirin sonunda xatirə fotosu çəkildi.