Binəqədi rayonu 3 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirildi
11 dekabr 2024-cü il tarixində Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş respublika konfransı keçirildi.
Konfransdan əvvəl şagirdlərin əl işlərindən ibarət sərgi qonaqlara təqdim edildi.
Açılışda “Zəfər” xor kollektivinin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş, sözləri və musiqisi Maya Heydərqızıya aid olan “Bizimləsən” adlı mahnı ifa olundu.
Məktəbin direktoru pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Almaz Həsrət Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin həmişə hörmətlə yad edildiyini vurğulayaraq qeyd etdi ki, məhz Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin təməllərini atıb, onun bu günlərə gəlib çatması üçün strateji uzaqgörənliklə çalışıb.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov müasir müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin şah əsəri olduğunu söyləyərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyev istər SSRİ vaxtında, istərsə də müstəqillik dönəmində Azərbaycanın milli maraqlarına daim diqqət yetirib. Vüsar İsmayılov vurğuladı ki, Ulu Öndərin uzaqgörənliyi, milli maraqları üstün tutması, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti bu gün Azərbaycanı qalib dövlət edib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Ulu Öndərin dövlətçilik təcrübəsi, onun Azərbaycanı ən çətin vəziyyətlərdən məharətlə çıxarması haqqında danışaraq nitqində gənc nəslin məhz Ümummilli Lider Heydər Əliyev ənənələrinə söykənərək Azərbaycana uğurlar qazandırdığını vurğuladı. Sevinc Süleymanova daha sora qeyd etdi ki, Ulu Öndərin təməlini qoyduğu azərbaycançılıq ideologiyasını Prezident İlham Əliyev uğurla davam etdirməklə dövləti daha da möhkəmləndirib.
Daha sonra konfransın əsas məruzələri dinlənilib. BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin Redaksiya-nəşriyyat işi kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru Knyaz Aslan “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə ilə çıxış etdi.
Knyaz Aslan Ümummilli Lider Heydər Əliyevin sözügedən məsələlərlə bağlı əvəzsiz xidmətlərindən danışmaqla yanaşı, onunla görüşü haqqında xatirələrini də paylaşdı. İştirakçıların böyük maraq və diqqətinə səbəb olan çıxış Ulu Öndərin əsl liderlik və milli cəfakeş kimliyinə işıq tutub.
Həmin kafedranın daha bir təmsilçisi - filologiya üzrə fəlsəfə doktoru Rasim Süleymanov isə “Görkəmli dövlət və ictimai-siyasi xadimlər Ulu Öndər Heydər Əliyev haqqında” mövzusunda təqdimat etdb. Çıxışçı dünyanın ən diqqətçəkən siyasi liderləri – dövlət rəhbərləri Mustafa Kamal Atatürk, Corc Vaşinqton, Mahatma Qandi, Şarl de Qoll, Uinston Çörçill kimi liderlərin yanında Ümummilli Lider Heydər Əliyev də adının çəkilməsinin Azərbaycan xalqının xoşbəxtliyi olduğunu qeyd etdi.
Redaksiya-nəşriyyat işi kafedrasının müəllimi pedaqogika üzrə fəlsəfə doktoru Nailə Mehrəliyeva “Ulu Öndər Heydər Əliyev və Qarabağ” mövzusunda fikirlərini paylaşdı. O, Qarabağın azad edilməsinə aparan yolda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu strategiyanı daha da inkişaf etdirən Prezident İlham Əliyevin uğurları haqqında danışdı.
Konfransın daha bir iştirakçısı - Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin və İTV Yayım Şurasının üzvü, Əməkdar jurnalist Azər Həsrət də Ulu Öndərlə bağlı xatirələrini paylaşdı. O, Ümummilli Lider Heydər Əliyevlə şəxsi mükaliməsini misal çəkərək Ulu Öndərin mətbuat azadlığına nə qədər diqqətlə yanaşdığını ayrıca qeyd etdb.
Məktəbin həmkarlar təşkilatının sədri və tarix müəllimi Vətən Hüseynov isə çıxışında Ümummilli Lider Heydər Əliyevin qətiyyətli liderliyini vurğulayıb, dövlətə və xalqa sədaqət rəmzi olduğunu qeyd etdi.
Çıxışların ardından məktəbin yaradıcılıq kollektivi Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş şeir və mahnılar ifa etdi.