Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 314 nömrəli tam orta məktəbdə xalq şairi Cabir Novruzun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

29 mart 2023 | 16:03

29 mart 2023-cü il tarixində Binəqədi rayonu 314 nömrəli tam orta məktəbdə xalq şairi Cabir Novruzun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Binəqədi rayonu 314 nömrəli tam orta məktəbdə Cabir Novruzun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, “Unity company”nin direktoru Fikrət Əliyev, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər.

Qonaqlar öncə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Məktəbin direktoru Fəzail Məmmədov tədbir iştirakçılarını salamlayaraq Ulu Öndərin anadan olmasının 100 illiyi çərçivəsində təhsil müəssisələrində yubileyi olan dahi şəxsiyyətlərə həsr olunan tədbirlərin davamlı xarakter almasını təqdirəlayiq addım kimi qiymətləndirdi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Heydər Əliyev İli” çərçivəsində təhsil ocağında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şeirləri dillər əzbəri olan, sözlərinə yazılan mahnılarla böyükdən-kiçiyə hər kəsin yaddaşında yaşayan Cabir Novruzun 90 illik yubileyinin qeyd edilməsinin təsadüfi olmadığını söyləyərək bildirdi ki, ədəbiyyata böyük maraq göstərən Heydər Əliyev bütün fəaliyyəti dövründə ədəbi mühitə daim qayğı göstərib, yazıçı və şairlərin böyük hamisi olub. Cabir Novruz poeziyasını XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən biri olduğunu vurğulayan İdarə müdiri şairin yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən, hər misrası aforizmə çevrilən yaradıcılığının məktəblilər arasında təbliğini yüksək dəyərləndirdi.

 Millət vəkili Qənirə Paşayeva yeni dövr Azərbaycan ədəbiyyatının son yarım əsrdəki inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs etdi. Bildirdi ki, şair və yazıçıların yaradıcılıq görüşlərində Ümummilli Liderin iştirakı, etdiyi çıxışları onun ədəbiyyata, sənət adamlarının yaradıcılığına necə dərindən nüfuz etdiyindən xəbər verirdi.

Qənirə Paşayeva  Cabir Novruzun yüksək mənəviyyata səsləyən yaradıcılığı barədə danışarkən bildirib ki, şair poeziyası ilə vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib, yaradıcılığının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlı oldu.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, “Unity company”nin direktoru Fikrət Əliyev çıxış edərək məktəblilərin vətənpərvər, milli ruhda yetişmələri üçün belə tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğuladılar.

Sonra şagirdlərin ifasında Cabir Novruzun şeirləri səsləndirildi, sözlərinə yazılmış mahnılar ifa olundu, ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi.

Sonda millət vəkili Qənirə Paşayeva tərəfindən şagirdlərə müxtəlif kitablar hədiyyə edilib. Eyni zamanda “Unity company” şirkəti tərəfindən 2 məktəblinin təhsil xərclərinin qarşılanacağı açıqlandı.

 

Keçidlər