Binəqədi rayonu 333 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi
17 aprel 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Xocəsən qəsəbəsində yerləşən 333 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru İsa Həbibzadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Zülfüqar Orucov, Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi, polis kapitanı Orxan Məmmədli, Narkotiklərlə Mübarizə bölməsinin rəisi, polis mayoru Kamil Məmmədov, 333 nömrəli tam orta məktəbin direktoru Mətanət Hüseynova, məktəbin kollektivi və şagirdlər iştirak etdilər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbiri giriş sözü ilə açan 333 nömrəli tam orta məktəbin direktoru Mətanət Hüseynova qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov gənclərimizi və uşaqlarımızı narkomanlığın necə bir bəla olduğunu, bu bəladan uzaq durmalarını və ətraflarında olan insanları da “ağ ölüm”dən qorumaq üçün çalışmalarının vacibliyini qeyd edərək, narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsinin zəruriliyini vurğuladı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında bildirdi ki: bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailələri dağıdır. Sevinc Süleymanova gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr verdi.
Növbəti çıxış edən Binəqədi Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi, polis kapitanı Orxan Məmmədli məktəblilərə gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə geniş məlumat verdi.