Binəqədi rayonu 99 nömrəli tam orta məktəbdə “Yeniyetmələr arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi
18 aprel 2024-cü il tarixində Binəqədi rayonu H.Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə “Yeniyetmələr arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çandirova, məktəbin pedaqoji kollektivi, IX sinif şagirdləri və valideynləri iştirak etdilər.
Məktəbin direktoru Ofelya Məmmədova tədbir iştirakçılarını salamlayaraq ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın modeli, məzmunu və düzgün peşə seçiminin insan həyatındakı rolundan danışdı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək ölkəmizdə peşə təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edərək, bu istiqamətdə görülən işlər, həyata keçirilən beynəlxalq layihələr və əldə olunan uğurlar, barədə ətraflı məlumat verdi.
İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çandirova çıxışında peşə təhsilinin ölkənin inkişafındakı strateji rolundan, gənclərin peşə təhsilinə olan marağının artırılması istiqamətində görülən işlərdən söz açdı.
Sonda İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri tərəfindən tədbirdə iştirak edən şagird və onların valideynlərinə peşə təhsilinə şagirdlərin cəlb edilməsi ilə bağlı məlumat verildi, maarifləndirmə xarakterli təqdimat edildi və valideynləri maraqlandıran suallar cavablandırıldı.