Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində şəhid jurnalist Məhərrəm Əli oğlu İbrahimovun yaşadığı evdə xatirə lövhəsinin açılışı olub.

01 may 2022 | 18:40

1 may 2022-ci il tarixdə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində şəhid jurnalist Məhərrəm Əli oğlu İbrahimovun yaşadığı evdə xatirə lövhəsinin açılışı olub.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, şəhid Məhərrəm İbrahimovun ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.

Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Göyçə mahalının Çəmbərək rayonu Ardanış kəndində anadan olub.

2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb. AZƏRTAC-da çalışdığı 20 ilə yaxın ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də, ən qaynar nöqtələr, ən isti, operativ xəbərlər onun təqdimatında işıqlandırılıb və hərbi jurnalist kimi ixtisaslaşıb. Ömrünün sonuna - şəhidlik zirvəsinə ucalanadək AZƏRTAC-da işləyib. İşlədiyi müddətdə AZƏRTAC-da dəfələrlə ilin ən yaxşı əməkdaşı kimi fəxri fərman və diplomlarla təltif olunub. O həmçinin, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi yubiley medalı ilə də təltif edilib. Müdafiə Nazirliyinin və Mətbuat Şurasının birgə keçirdiyi Azərbaycan Ordusunun 100-cü ildönümünə həsr olunmuş "Hər birimiz Vətənə xidmət edirik" mövzusundakı yazı müsabiqəsində 1-ci yerə layiq görülüb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı ilə təltif edilib. Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 144 illik yubileyi münasibətilə ictimai-təhlükəsizliyin təmin edilməsi, hüquq qaydasının profilaktikası tədbirlərinin təbliğindəki xidmətlərinə görə təltif olunub. Dəfələrlə bir çox yazı müsabiqələrinin qalibi olan Məhərrəm hərbi jurnalistlər üçün təşkil edilən təlimlərdə fərqləndiyinə, eləcə də çalışdığı qurumların fəaliyyətinin işıqlandırılmasında yüksək peşəkarlıq göstərdiyinə görə diplom, fəxri fərman və plaketlərə layiq görülüb. Uzun müddət cəbhəboyu zonada ezamiyyətlərdə olan, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, Aprel döyüşlərində, Tovuz döyüşlərində, Vətən müharibəsində ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm hərbi jurnalist kimi topladığı zəngin təcrübəni həvəslə digərləri ilə bölüşüb. Respublikamızda peşəkar hərbi jurnalist kimi tanınan Məhərrəm İbrahimov bu sahəni dərindən bilən şəxs kimi bir çox tədbirlərdə iştirak edib, bilik və təcrübələri bölüşüb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün təşkil olunan "Silahlı münaqişələrdə medianın rolu" mövzusunda seminarda Məhərrəm İbrahimov silahlı münaqişələrdə medianın rolu, hərbi əməliyyatların informasiya təminatı, informasiya qarşıdurmasının əhəmiyyəti, döyüş əməliyyatları zamanı hərbi qulluqçularla media nümayəndələri arasında qarşılıqlı əlaqələr və birgə fəaliyyətlərin təşkili, o cümlədən, dezinformasiya və feyk xəbərlərin psixoloji təsiri ilə bağlı mühazirə oxuyub. Ali Hərbi Məktəbin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.

4 iyun 2021-ci il tarixində işğaldan azad olunan Kəlbəcər rayonunun Susuzluq kəndi yaxınlığında çəkiliş qrupunu daşıyan avtomobilin minaya düşməsi zamanı həlak olub. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 14 iyunun 2021-ci il tarixində imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində keçmiş Sahilboyu küçəsi Şəhid jurnalist Məhərrəm İbrahimovun adını daşıyır.

Keçidlər