Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Q.Abbasov adına 284 nömrəli tam orta məktəbdə Həmidə xanım Cavanşirin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

27 yanvar 2023 | 18:49

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, “Unity company” şirkətinin direktoru Fikrət Əliyev, İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, müəllimlər, məktəbin direktoru və şagirdlər iştirak etdilər.

Öncə qonaqlar məktəbdə yaradılmış şəhid guşəsini ziyarət edib, şagirdlərin əl işlərinə və xalça sərgisinə baxış keçiridilər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Sonra Həmidə xanım Cavanşirin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olundu.

Tədbiri giriş sözü ilə açan 284 nömrəli tam orta məktəbin direktoru Xalid Alıhüseynov ölkəmizdə ictimai-siyasi xadimlərin, incəsənət nümayəndələrinin fəaliyyətinə qiymət vermək, qayğı göstərmək və onları anmağın bir dövlət siyasətinə çevrildiyini qeyd etdi. Rəhbərlik etdiyi təhsil müəssisəsində Həmidə xanım Cavanşir kimi bir şəxsiyyətin yubileyinin keçirilməsindən böyük qürur duyduğunu bildirdi.

Çıxış edən BŞTİ-nin müdiri M.Vəliyeva “Heydər Əliyev İli”ndə rəmzi olaraq təhsildə Heydər Əliyev dərsləri ili kimi ehtiva oluna biləcəyini bildirdi. Bu istiqamətdə təhsil müəssisələrində yubileyi olan dahi şəxsiyyətlər barədə tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətindən danışdı.

İdarə müdiri Həmidə xanım Cavanşir kimi qəhrəman, ürəyi hər zaman xalqı üçün döyünən, böyük xeyriyyəçi və cəfakeş insanın həyatı, fəaliyyəti, xeyirxah əməlləri barədə şagirdləri məlumatlandırmağın vacibliyini diqqətə çatdırdı.

Təhsil müəssisələrinə diqqətin mühüm amil olduğunu deyən M.Vəliyeva millət vəkili Q.Paşayevaya təşəkkürünü bildirdi. İctimai fəal şəxslərin məktəbin, müəllimin yanında olmasının cəmiyyətə təhsilin mahiyyətini daha dərindən anlamaq baxımından təsirli mesaj olduğunu söylədi.

Paytaxt məktəbində elmə, təhsilə bağlı insan kimi yaddaşlarda qalan Həmidə xanım Cavanşirin 150 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsini təqdirəlayiq təşəbbüs kimi qiymətləndirən İdarə müdiri təhsil müəssisələrində Azərbaycanın dəyərlərinə olan ehtiramı müşahidə etməyin xoş olduğunu nəzərə çatdırıb. Natiq qeyd etdb ki, bütün bunlar təhsilimizin doğru yolda olduğunu, gələcəyimiz olan uşaqların düzgün istiqamətdə inkişaf etdiyini deməyə əsas verir.

Millət vəkili Q.Paşayeva Ulu Öndər Heydər Əliyevin hər zaman adını tariximizə qızıl hərflərlə yazdıran görkəmli şəxsiyyətlərimizə böyük hörmət bəslədiyini və onlara yüksək qiymət verdiyini bildiridi. Həmidə xanım Cavanşirin də məhz həmin şəxsiyyətlərdən olduğunu deyən millət vəkili onun 150 illik yubileyinin məktəbdə qeyd edilməsinin xüsusi əhəmiyyət daşıdığını söylədi. Şagirdlərə bu cür şəxsiyyətlərin tanıdılmasını onların gələcək həyatlarına müsbət təsiri olduğunu, gələcəyin ziyalı nəslinin yetişməsində müstəsna əhəmiyyətindən danışdı.

Həmidə xanımın təhsilə, elmə olan sevgisindən söz açaraq qeyd etdi ki, o, həmvətənlərinin maarifdən kənarda qalmaması üçün hər zaman çalışıb. O, atasının ən böyük arzusunu gerçəkləşdirmək üçün doğma kəndi Kəhrizlidə xüsusi bina tikdirərək 1912-ci ildə məktəb açıb və özü də burada dərs deyib, Tiflisdəki “Müqəddəs Nina” qızlar məktəbində Azərbaycan dili müəllimi olmadığına görə dərslərin keçirilməməsindən narahat olan Həmidə xanım məktəbə müəllim təyin etdirdi.

Çıxış edənlər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, “Unity company” şirkətinin direktoru  Fikrət Əliyev Azərbaycan xalqının tarixinə adını təkcə mesenat kimi deyil, böyük maarifçi kimi yazdıran Həmidə xanım Cavanşir barədə şagirdləri məlumatlandırmaq baxımından bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirdilər.

Daha sonra şagirdlərin ifasında Həmidə xanım Cavanşir və Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətindən bəhs edən səhnəciklər nümayiş olundu. Şagirdlər arasında hər iki şəxsiyyətin həyat yolundan bəhs edən müzakirələr aparıldı.

Sonda millət vəkili Q.Paşayeva tərəfindən şagirdlərə müxtəlif kitablar hədiyyə edildi. Bu təşəbbüsə görə millət vəkilinə öz təşəkkürlərini bildirən şagirdlər məktəbin foyesində açıq kitabxana yaradılması üçün müraciət etdilər.

Keçidlər