Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 01 avqust- “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirildi

01 avqust 2023 | 19:24

31 iyul 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi Rayon təşkilatının birgə təşkilatçılığı ilə 01 avqust -  “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirildi.

İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olundu, önünə gül dəstələri düzüldü, əziz və işıqlı xatirəsi dərin ehtiramla yad edildi.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ana dilimizin tarixi keçmişindən, Azərbaycan dilinin kənar təsirlərdən qorunması və inkişaf etdirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin əvəzedilməz xidmətlərindən danışdı. Bildirdi ki, Ümummilli Liderin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından dahi rəhbərin göstərdiyi misilsiz xidmətlərdəndir. Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi fəxarətlə qeyd edilir.

Daha sonra geniş məruzə nitqi ilə çıxışı edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru Könül Səmədova bir xalq, bir toplum kimi zamanın çətin sınaqlarından keçərək dilimizi, mənəvi dəyərlərimizi qoruduğumuzu vurğulayaraq, dərin tarixi kökləri olan öz dilimizin dövlət səviyyəsində qeyd olunduğu bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edərək, Azərbaycan xalqının əlifbasının tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qaldığını, bu gözəl günün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini bildirdi. Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək zirvəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq imzaladığı fərman və sərəncamlar haqqında danışaraq, varlığımızı şərtləndirən bu müqəddəs dəyəri qorumağın hər birimizin vətəndaşlıq borcu olduğunu söylədi. Könül Səmədova Ulu Öndərimizin sovetlər dönəmində yaranmış müəyyən maneələrə baxmayaraq, sarsılmaz milli təməlləri olan Azərbaycan dilinin mövcudluğunu qoruya bildiyini, 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olmasının öz təsbitini tapdığını qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ana dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərdiyini, onun “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edildiyini  vurğuladı.

Sonda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının əhəmiyyətindən danışaraq, bildirdi ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.  Bu ənənələri Azərbaycan Respublikasının Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür”.

Tədbir diskussiya formatında davam etdi.

Keçidlər